Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Heydər Əliyev məktəbinin növbəti məşğələsi onlayn formatda keçirildi
Yerləşdirilmə tarixi : 08 May 2021 15:01
SDU-da Heydər Əliyev məktəbinin növbəti məşğələsi onlayn formatda keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində "Müstəqil Azərbaycanın ümummilli lideri – Heydər Əliyev" mövzusunda onlayn formatda növbəti məşğələ keçirildi.
Əvvəlcə bir qrup tədbir iştirakçısı ümummilli lider Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, 10 May müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin doğum günüdür. Ulu öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidməti ilə seçilən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yazan Liderdir. Ulu öndərin milli və dövlətçilik maraqlarına yönələn zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 34 ildən artıq bir dövrü Ulu öndərin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq, dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969–1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrdən birini təşkil edir. Xalqımızın həyatında elə bir sahə yoxdur ki, o sahədə Heydər Əliyevin əvəzsiz rolu olmasın. Gənc nəsil də Ulu öndər Heydər Əliyevdən, sözün əsl mənasında, böyük qayğı görmüşdür. Gənclərin hərtərəfli inkişafında, onların milli kadr kimi formalaşmasında dahi şəxsiyyət əlindən gələni əsirgəməmişdir. Rektor onu da bildirdi ki, müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində demişdi: “İnanıram ki, Mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev tamamlaya biləcəkdir. Ona Özüm qədər güvənirəm və gələcəyinə böyük ümid bəsləyirəm”. Həqiqətən də, Prezident cənab İlham Əliyev xalqımızın Ulu öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Onun ideya və əməllərini davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa edildi, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşdu.
SDU-nun Humanitar məsələlər üzrə prorektoru, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Sumqayıt Şəhər Təşkilatının sədri dosent Ramiz Hüseynov "Müstəqil Azərbaycanın ümummilli lideri – Heydər Əliyev" mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər
olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişaf edən ölkədir. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Prorektor onu da qeyd etdi ki, Əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderin qurucusu olduğu rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Öz liderinə, Ali Baş Komandanına inanan və güvənən bu ordu, igid Azərbaycan əsgəri 30 illik işğala qanı-canı bahasına son qoydu.
Tarix və coğrafiya fakültəsinin dekanı, Əməkdar müəllim, professor Adil Baxşəliyev “Heydər Əliyev dünya azərbaycanlılarının lideridir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev “Azərbaycan dövlətçiliyi ənənəsində varislik – İlham Əliyev”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Günel Paşayeva “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Mühəndislik fakültəsinin II kurs tələbəsi Aysel Hümbətova “Azərbaycanda sənayenin inkişafında Heydər Əliyevin rolu”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Həsən Əhmədov “Heydər Əliyev irsi Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi məktəbidir” mövzularında məruzə ilə çıxış etdilər. Qeyd etdilər ki, anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. Vurğuladılar ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək, xalqımız qarşısındakı böyük və zəngin xidmətləri hər zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərən, Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az