Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gənclərin xaricdə təhsil almasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 08 May 2021 18:39
SDU-da “Gənclərin xaricdə təhsil almasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi və Gənc Alimlər Şurasının təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənclərin xaricdə təhsil almasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi.
Tədbirdə universitetin bir qrup professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Qazi Universitetinin Təhsil fakültəsinin professorları: Dr.Salih Şahin və Dr.Servet Karabağ iştirak etdilər.
Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq, qonaqları və iştirakçıları salamladı, Ulu öndər Heydər Əliyevin təhsilin cəmiyyətin inkişafındakı rolundan, bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətimizin inkişafına verdiyi töhvələrdən danışaraq qeyd etdi ki, dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Heydər Əliyevin 1969–1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Buna görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirlər. İndi Ulu öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz ümummilli liderin anadan olmasının 98-ci ildönümünü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Ulu öndər üçün ən ümdə məsələlərdən birinin əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi olduğunu qeyd edən prorektor Qafar Atayev ötən il 44 gün ərzində yenilməz Azərbaycan Ordusunun bu missiyanı şərəflə yerinə yetirdiyini qeyd etdi və ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirlidiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tarix və çoğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Gənclərin xaricdə təhsil almasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etdi. Ulu öndərin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Tədbirə qonaq qismində qatılan Türkiyə Cümhuriyyəti Qazi Universitetinin Təhsil fakültəsinin Siyasət kafedrasının professoru Dr.Servet Karabağ “Devletler için liderlerin rolü” mövzusunda təqdimatla çıxış etdi. Prof. Servet Karabağ lider və liderlik terminini izah etdi, onun xüsusiyyətləri, liderlərin malik olduğu xasiyyət və bacarıqlar barədə danışdı. Türklərin qədimdən liderlik bacarığına malik olmduğu, qədimdən qurduğu dövlətlər, idarəçilikləri və liderləri haqqında məlumat verdi. Tarixdə bəzi dövlətlərin öz liderlərinin adları ilə bağlı olduğunu qeyd edərək, buna misallar göstərdi. Atillanın Hun İmperatorluğunun, Fateh Sultan Mehmetin Osmanlı İmperiyasının, Napoleonun Fransanın, Qandinin Hindistanın, Atatürkün Türkiyə Cümhuriyyətinin, Heydər Əliyevin isə Azərbaycanın lideri olduğunu vurğuladı. Ümummilli liderler: Atatürk və Heydər Əliyevin timasalında liderlik bacarıqlarını misallarla ifadə edərək dərin hörmət etdiyini söylədi.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Hamza Sahin (TC) “Heydər Əliyevin təhsilə verdiyi dəyər” mövzusunda təqdimatında Heydər Əliyevin təhsillə bağlı məşhur sitatlarına hər slaydında istinad edərək, o sitatların izahını gözəl şərhlə iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Gənc Alimlər Şurasının sədr müavini Aysel Qəribli “Azərbaycanda energetika sənayesinin inkişafında Heydər Əliyevin rolu”, SDU-nun Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Gasanova Aphsana (Gürcüstan) “Ümumilli liderin xaricdə təhsil ənənəsi”, SDU-nun Fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi Mataullah Saidi (Əfqanıstan) “Azərbaycan–Əfqanıstan əməkdaşlığı” mövzularında məruzə ilə çıxış etdilər. Ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirdilər.
Ulu öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafeyini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib. Natiqlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənələrinin son illərdə uğurla davam etdirildiyini söylədilər.
Sonda çıxışçılar ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, onun ideyalarının, yaratdığı dövlətçilik ənənələrinin daim yaşayacağını vurğuladılar.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az