SDU-da «Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri» mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans öz işinə başladı
Mayın 20-də Sumqayıt Dövlət Universiteti və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 95 illik yubileyinə həsr edilmiş «Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri» mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans öz işinə başladı.
Konfransda dünyanın bir çox ölkələrindən, respublikamızın elmi-tədqiqat institutlarından və ali məktəblərindən bir qrup dilçi-alimlər iştirak etdilər.
Konfrans öz işinə türkdilli xalqların öz dilində və hər xalqın öz ifaçısı, milli musiqi alətləri ilə lentə alınmış “Türkün Bayrağı” və “Anayurt “ musiqi nömrəsinin səsləndirilməsi ilə başladı. Eləcə də türkdilli xalqların videoçarx vasitəsilə salamları nümayiş olundu.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, görməkdən məmnunluğunu ifadə etdi, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan–Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın suverenliyini ilk tanıyan dövlətlərdən biri kimi Türkiyə hər zaman ölkəmizi dəstəkləyib. Ümummilli lider Heydər Əliyevin Türkiyə–Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Azərbaycan Ordusu cəmi 44 günlük müharibə nəticəsində misli görünməmiş qəhrəmanlıq göstərərək, 30 ilə yaxın müddətdə işğal altında olan tarixi ərazilərimizi mənfur düşməndən azad etdi. Bu zəfər yolunda bizi yalnız qoymayan, daim bizə dəstək olan ölkələr oldu. Bunlardan biri də qardaş ölkə Türkiyədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Bizim gücümüz birliyimizdədir. Rektor bu qələbədə Sumqayıt Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğuladı, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, SDU-da təhsil alan türkiyəli tələbələr də Qarabağın azad olunmasına dəstək olduqlarını bildirərək cəbhəyə getmək istəyi ilə bağlı məktub ünvanlamışlar. Rektor xüsusilə vurğuladı ki, Türkiyə–Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Bu istiqamətdə rektor Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı keçirilən konfransı yüksək dəyərləndirdi və konfransın işinə uğurlar arzuladı.
Sonra Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranın videoyazı vasitəsilə müraciəti dinlənildi. Müraciətdə Prof. Dr. Mehmet Cahit Güran konfrans iştirakçılarına salamlarını çatdırdı. O, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova Birinci Türkoloji Qurultayın 95 illik yubileyinə həsr edilmiş «Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri» adlı Beynəlxalq elmi konfransın birgə təşkilinə görə təşəkkürünü bildirdi və konfransın əhəmiyyətindən bəhs etdi. Rektor rəhbərlik etdiyi universitetin tarixindən, beynəlxalq əlaqələrindən, SDU ilə Hacettepe Universiteti arasında imzalanmış 5 illik müqavilənin uğurla icrası barədə məlumat verdi. Rektor Prof. Dr. Mehmet Cahit Güran SDU ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, bu əlaqələrin gələcəkdə daha genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Türkoloji Qurultay minillik türk mədəniyyətinin yüksək zirvəsi kimi”, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu “Birinci Bakı Türkoloji Qurultayı və türkologiyanın müasir problemləri”, Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov “Dillərarası omofonların – ikili vətəndaşlığı olan sözlərin fonetik strukturu”, Hacettepe Universitetinin professoru, Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru Şükrü Haluk Akalın “Hacettepe üniversitesinde etimoloji çalişmaları: Eren türk dilinin etimolojik sözlüğünün yayımı”, Bakı Dövlət Universitetinin professoru Firuzə Ağayeva “Türk xalqları ədəbiyyatında sələf-xələf münasibətləri: Nizami və Nəvai”, Qazi Universitetinin professoru Necati Demir “Azerbaycan türkçesi ve Türkiye türkçesinin tarihi yolculuğu”, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Маргарита Эмильевна Дубровина, “Анализ глагольных конструкций, образованных от глагольно-именных форм (-dik, -yacak, -dığı, -yacağı, -mak, -ması и т.д.), в современном турецком языке”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli “Atalar sözləri Azərbaycan-türk etnosunun milli-mədəni dəyərləri sırasında” mövzularında məruzələrlə çıxış etdilər. Məruzələrdə qurultayın tarixindən, fəaliyyətindən və əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub.
Konfransın sonrakı işi haqqında Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva məlumat verdi. Bildirdi ki, elmi konfrans öz işini 7 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
Mətbuat xidməti