Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) arasında əməkdaşlıq haqqında müqavilə imzalandı
Mayın 21-də Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Universitetin rektoru professor Elxan Hüseynov Mərkəzin direktoru Cavanşir Abdullayevi salamladı, SDU və Azərbaycan Bank Tədris Mərkəzi arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi, rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı.
Bildirdi ki, universitetimiz bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi imzalayıb, bunun nəticəsi olaraq tələbələrimiz ixtisaslarına uyğun təcrübədə olur, bu da günün tələbinə uyğun olaraq kadr potensialının formalaşmasına təkan verir.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev görüşün əhəmiyyətindən, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə» Dövlət Proqramının icrası üzrə Təfsilat Tədbirlər Planına uyğun olaraq «Orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması» tədbirləri çərçivəsində Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının, Mərkəzi Bankın, Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə iqtisad ixtisaslı tələbələri və professor-müəllim və tədris-köməkçi heyəti üçün təlimlər “Zoom” platforması üzərində təşkil olumuşdur. Birinci təlimlər cari ilin 26, 29 yanvar və 1, 3 fevral tarixlərində keçirilmişdir. Dörd günlük birinci təlimlərin mövzuları “Rəqəmsal iqtisadiyyatın üstünlükləri”, “Sığorta”, “Məsuliyyətli borclanma” olmuşdur. Təlimlər interaktiv rejimdə keçirilirdi. Təlimlərə olan marağı nəzərə alaraq, təşkilatçılar ikinci təlimlərin təşkili haqqında razılığa gəlmişdilər. İkinci təlimlər 2021-ci ilin 5, 6, 8 aprel tarixlərində baş tutdu. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edildi. Ümumilikdə 193 nəfər tələbə, 48 müəllim və əməkdaş təlimlərə cəlb olunmuşdur.
Keçirilmiş təlimlər çərçivəsində tərəflər arasında yeni perspektivlərin müzakirəsi aparılmış, gələcəkdə reallaşacaq birgə layihələrin hüquqi bazasının yaradılmasının vacibliyi vurğulanmışdı. İnanırıq ki, müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına, elmi və maddi-texniki potensialdan qarşılıqlı istifadə etməklə əməkdaşların və tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasına xidmət edəcək.
Görüşün sonunda Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Bank Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən SDU ilə Mərkəz arasında respublikamızda maliyyə və bank sahəsində peşəkar mütəxəssislərin hazırlanması prosesində qarşılıqlı əməkdaşlığın təşkili, hər iki tərəfin elmi tədqiqat və tədris bazalarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində tərəflərin mənafeləri gözlənilməklə elmi-tədqiqat işləri ilə bağlı əməkdaşlığın inkişafı, müvafiq ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, tərəflərin təşkil etdiyi elmi və elmi-praktik konfrans və digər tədbirlərdə birgə iştirakın təmin edilməsi və s. nəzərdə tutulub.
Mətbuat xidməti