Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Türkiyə – Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda keçirilən görüşdə Sumqayıt Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalandı
Yerləşdirilmə tarixi : 25 May 2021 15:14
“Türkiyə – Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda keçirilən görüşdə Sumqayıt Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalandı
Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə – Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirildi.
Tədbiri açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin ciddi əsaslara malik olduğunu qeyd etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib: “Qürur hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə xatirimizdə qalacaq”.
Nazir müavini vurğuladı ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. 2018-ci ildə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “2019–2023 illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali məktəblərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramında artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Bununla yanaşı, Türkiyənin müvafiq universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramının təsis edilməsi istiqamətində danışıqlar aparılır. Dövlət Proqramının ikinci istiqaməti üzrə 80-ə yaxın gənc tədqiqatçı təhsilini inkişaf etmiş xarici dövlətlərdə davam etdirir. Onların arasında Türkiyədə təhsil alan tələbələr üstünlük təşkil edir: “Bildiyimiz kimi, Qazi Universiteti Türkiyədə tibb təhsili üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanan 50-yə yaxın Azərbaycan vətəndaşından 38-i məhz Qazi Universitetinin tibb ixtisasını seçib”.
Firudin Qurbanov diqqətə çatdırdı ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.
Son bir il ərzində COVID-19 pandemiyası dünyanın bütün ölkələrində tam fərqli bir vəziyyət yaradıb. Sosial iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib. Pandemiyanın əhəmiyyətli dərəcədə təsir etdiyi sahələrdən biri də təhsildir. Yaranmış vəziyyət göstərdi ki, dəyişən dünyada təhsil transformasiyaya hazır olmalıdır. Pandemiya şəraitində tədrisin təşkili məhz informasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə mümkün olmuşdu. Mövcud vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün vacib amillərdən biri də birgə fəaliyyəti gücləndirmək, yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirməkdir: “70 minlik tələbə kontingentinə ev sahibliyi edən bir əsrlik tarixə malik Qazi Universitetinin mühəndislik sahəsindəki təcrübəsini nəzərə alaraq, Azərbaycan Texniki Universiteti mövcud əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə bakalavr pilləsində Maşın mühəndisliyi, Metallurgiya və materiallar mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramlarının təsis olunması istiqamətində Qazi Universiteti ilə müqavilə imzalayıb. Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İnanıram ki, nümayəndə heyətinin səfəri çərçivəsində imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək”.
Qazi Universitetinin rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə etdi. Rektor rəhbəri olduğu universitetin təqdimatını etdi, ali təhsil müəssisəsi haqqında geniş məlumat verdi.
Sonra Sumqayıt Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalandı. SDU-nun rektoru professor Elxan Hüseynov SDU ilə Qazi Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanlarından bəhs etdi. Ölkə başçısı cənab İlham Əliyevin ali təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından, bu istiqamətdə əldə olunan nailiyyətlərdən söz açdı. Sumqayıt Dövlət Universitetində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi baxımından qardaş ölkənin aparıcı universitetləri ilə əməkdaşlığın önəmini vurğuladı. Qeyd etdi ki, SDU Qazi Universiteti ilə 2015-ci ildən ERASMUS+ Petra layihəsi çərçivəsində əməkdaşlıq edir. İmzalanan Protokol Qazi Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasındakı təlim, tədris, akademik və mədəni əməkdaşlıq prinsiplərini əhatə edir.
Qazi Universitetinin rektoru Musa Yıldız rəhbərlik etdiyi universitetlə Sumqayıt Dövlət Universiteti arasında qurulan əməkdaşlığın yüksək nəticələr verəcəyindən əminliyini ifadə etdi.
Qeyd edək ki, protokolda Milli və ya beynəlxalq maliyyə mənbələrindən faydalanmaq üçün iki qurum arasında layihə hazırlamaq və icra fəaliyyətlərini həyata keçirmək, birgə seminarlar təşkil etmək və yay məktəbi proqramlarında iştirakını təşviq etmək, iki qurum arasında tələbə ziyarətlərini təşviq etmək, hər iki tərəfin xüsusi təcrübələrindən bəhrələnərək birgə proqramların həyata keçirilməsi, ikili diplom proqramlarının işlənilməsi, iki qurum arasında tədqiqatçı mübadiləsi, magistr tezisləri və doktorluq dissertasiyalarının hazırlanması üçün birgə və xarici məsləhətçilərin təyin edilməsi və s. məsələlər öz əksini tapmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az