Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
Yerləşdirilmə tarixi : 26 May 2021 16:04
SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
Mayın 26-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn formatda iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı. Rektor Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən söz açdı, bildirdi ki, SDU-da iyunun 1-dən iyulun 5-dək Təhsil naziri cənab Emin Əmrullayevin imzaladığı müvafiq əmrə uyğun olaraq, Ali və orta ixtisas təhsili müəssisələrində 2020−2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək. 2020−2021-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlərin görülməsi məqsədilə sessiya başlamazdan öncə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
2020/21-ci tədris ilinin yaz imtahan sessiyasına və Dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dos. Sabir Xəlilov, SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva Elmi Şura üzvlərinə geniş məlumat verdilər. Bildirdilər ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq tədris prosesi onlayn formatda (məsafədən) həyata keçirilmiş, tələbələrin dərslərdə fəallığını təmin etmək üçün professor-müəllim heyəti ciddi səy göstərmiş və tələbələrə köməklik göstərmişlər, yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri uğurla davam etdirilir. Magistrlik dissertasiyası kağız daşıyıcıda universitetə təqdim edilməli və müdafiəsinin onlayn (ZOOM Platformasında) formatda həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı.
Çıxışlardan sonra 2020/21-ci tədris ilinin yaz imtahan sessiyasına və Dövlət imtahanlarına hazırlığın vəziyyəti qənaətbəxş hesab edildi.
SDU-da gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov məruzə etdi. Qeyd etdi ki, gənclərlə aparılan olduqca rəngarəng vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini təlim-tədris prosesindəki iş təşkil edir. Sumqayıt Dövlət Universitetində bunun üçün geniş imkanlar mövcuddur. SDU-nun Heydər Əliyev Mərkəzində tələbə-gənclərin iştirakı ilə müntəzəm olaraq keçirilən Heydər Əliyev məktəbinin məşğələləri tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir. Həmçinin SDU-da tələbə-gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətində işlərin daha da gücləndirilməsi məqsədilə universitetdə özfəaliyyət dərnəyinin və idman klubunun fəaliyyəti təkmilləşdirilmiş və hərbi hazırlıq fənlərinin tədrisinin səmərəliliyi artırılmışdır. Vətənpərvərlik mövzusuna həsr olunmuş bədii və sənədli filmlərin nümayişinin genişləndirilməsi, müxtəlif incəsənət nümunələrinin sərgisinin təşkili, bədii ədəbiyyatın mütaliəsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Vətən müharibəsinin iştirakçıları ilə görüşlərin keçirilməsi, Bakı şəhərində açıq səma altında Hərbi Qənimətlər Parkının ziyarət edilməsi, həmçinin Bakı və Sumqayıt şəhərlərində Şəhidlər xiyabanının ziyarət olunması tələbə-gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasını daha da gücləndirmək məqsədini daşıyır. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdilər. Digərləri isə ehtiyac olmadığı üçün ordu sıralarına çağırılmadılar. Həmçinin qeyd etmək yerinə düşər ki, birinci Qarabağ döyüşlərində iştirak edib şəhid düşmüş məzun və tələbələrimizin xatirəsinə universitetin qarşısında qoyulmuş xatirə abidəsinin tamamilə yenidən qurulması və abidəyə Aprel döyüşlərində və sentyabrın 27-dən başlayaraq apardığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunmasında şəhid olmuş tələbə və məzunlarımızın mərmər üzərində xatirə şəkillərinin vurulması da tələbə gənclərin vətənpərvərlik tərbiyəsində olduqca önəmli yer tutur.
SDU-da “ERASMUS+EQAC – Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzinin yaradılması və inkişaf etdirilməsi” adlı beynəlxalq layihənin yekunları haqqında Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev məlumat verdi. Beynəlxalq layihələrin həyata keçirilməsində SDU əməkdaşlarının fəaliyyətini müsbət qiymətləndirdi və bu istiqamətdə işlərin daha da genişləndirilməsini diqqətə çatdırdı.
SDU-nun mühafizə xidmətinin təkmilləşdirilməsi, mühafizənin təhlükəsizliyinin daha da artırılması barədə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məlumat verdi. Bildirdi ki, mühafizənin təkmilləşdirilməsi, SDU əməkdaşları və tələbələrinin təhlükəsizliyinin daha da artırılması məqsədilə SDU-nun mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə xidmətinə həvalə olunması məqsədəuyğundur.
Pandemiya ilə əlaqədar SDU-nun akkreditasiyasının 2020-ci ilin oktyabrında dayandırıldığı və 2021-ci ilin sentyabrında davam etdiriləcəyi ilə bağlı görüləcək işlər haqqında Elmi katib professor Muxtar Səmədov çıxış etdi. Qeyd etdi ki, 2021-ci ilin sentyabr ayında akkreditasiyasının davam etdirilməsi ilə əlaqədar olaraq müvafiq məlumatların toplanması Özünütəhlil Komissiyasına həvalə edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli, 493 nömrəli qərarı ilə akkreditasiya qaydaları yeni redaksiyada təsdiq edilmişdir. Bu yeni qaydalar və meyarlarla, eyni zamanda akkreditasiyanın əsasnaməsi və digər normativ-hüquqi sənədlərlə tanış olmaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etməyimizin məqsədəuyğun olmasını diqqətə çatdırdı.
Cari məsələlərin müzakirəsində elmi adların verilməsi ilə əlaqədar qeyd olundu ki, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşı fil.f.d. D. A. Cümənova elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması ilə əlaqədar rektorun adına ərizə ilə müraciət etmiş və rektorun dərkənarı ilə sənəd Elmi Şuraya təqdim olunmuşdur. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən D. A. Cümənova dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
Elmi katib tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya ümumilikdə 6 tədris vəsaiti, onlardan 2 dərs vəsaiti və 4 fənn proqramı daxil olub. Həmin tədris vəsaitlərinə uyğun elm sahələri üzrə Redaksiya və Nəşriyyat Şurasının bölmələrində və universitetin Tədris-Metodiki Şurasında baxılıb, ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilib. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az