Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Kimya və biologiya fakültəsində 28 May - Respublika gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 26 May 2021 22:26
SDU-nun Kimya və biologiya fakültəsində 28 May - Respublika gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi
28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan olundu və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Həmin gündən artıq 103 il ötməsinə baxmayaraq, Respublika Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu əlamətdar gün münasibətilə respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də onlayn formatda silsilə tədbirlər keçirilir.
Mayın 26-da SDU-nun Kimya və biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Mahal Muradov açaraq, Respublika Günü münasibəti ilə kollektivi və tələbələri təbrik etdi, bu günün mahiyyəti və tarixi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illəri tariximizin şərəfli bir dövrünə çevirdiyini bildirdi.
Dekan zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində Müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi uğur olduğunu qeyd etdi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi Dövlət Bayrağı kimi qaldırıldığını, Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verdiyini diqqətə çatdırdı. Mahal Muradov həmçinin vurğuladı ki, ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı milli-mənəvi dəyərlərin və tarixi irsin böyük himayədarı olduğunu dəfələrlə sübut edib. Prezident cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı əsasında cümhuriyyətin yaranmasının 100-cü ildönümü respublikamızda geniş qeyd olundu. Eyni zamanda dövlətimizin başçısının 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi cümhuriyyət banilərinə göstərilən yüksək ehtiram və hörmətin bariz nümunəsi olub. Bu gün Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dövlətçiliyimiz mövcudluq tarixinin heç bir dönəmində bu qədər güclü olmayıb.
Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti”, Fakültənin tələbələri Şəfa İsayeva “Azərbaycan xalq cümhuriyyətinin yaranması” Anar Güllərli “Azərbaycan xalq cümhuriyyəti beynəlxalq münasibətlər sistemində” mövzularında çıxış edərək bildirdilər ki, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olmuşdur. Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə süqut etsə də, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi.
Tədbirdə tələbələrdən Vüsalə Qocayeva “Azərbaycanım”, Hüseyn Abdullayev “Bəxtiyarlığımdır Azərbaycanım” şeirlərini səsləndirdilər.
Sonda Azərbaycanda 28 May – Respublika Gününə həsr olunmuş videoçarx təqdim edildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az