SDU-da “ Tariximizin parlaq səhifəsi-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir. Həmin gün Respublika Günü kimi hər il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də silsilə tədbirlər keçirilir.
Mayın 27-də SDU-da 28 May – Respublika Günü ilə əlaqədar “Tariximizin parlaq səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, iştirakçıları salamladı, 28 May – Respublika Günü münasibətilə xalqımızı təbrik etdi. Qeyd etdi ki, ötən il torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi xalqımızın müasir və müstəqillik tarixinin böyük hərbi-siyasi uğuru oldu. Bu savaşda cənab İlham Əliyev dəmir yumruğu ilə düşmənin başını əzdi, belini qırdı! Bununla da müasir Azərbaycan tarixinin şanlı zəfər salnaməsi yazıldı. 200 illik tarixi olan münaqişənin həlli nəticəsində qalib xalq və məğlubedilməz dövlət kimi özümüzü yenidən təsdiq etdik.
Sonra rektor müsəlman şərqində ilk dəfə müstəqil dövlət olaraq yaranmış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı bəhs etdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın yox, Türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub-saxlamağı bacardı. İkinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Hazırda Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.
Rektor onu da qeyd etdi ki, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda "İstiqlal Bəyannaməsi" abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır!
Folklorşünaslıq ETL-nin müdiri, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru Astan Bayramov “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçilik tariximizin parlaq səhifəsidir”, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri müstəqil Azərbaycanda”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera mərkəzinin müdiri Əmirxan İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərə qarşı mübarizəsi”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Zöhrə Qafarova “Azərbaycan Xalq Cümhuriyyətinin maarif və mədəniyyət sahəsində tədbirləri”, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Tacir Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və tarixdə yeri” məruzələri ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında geniş məlumat verdilər. Bildirdilər ki, Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Bu gün müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.
Mətbuat xidməti