Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin birgə təşkilatçılğı ilə 28 May - Respublika Gününə həsr olunmuş vebinar keçirildi
Yerləşdirilmə tarixi : 28 May 2021 17:39
SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin birgə təşkilatçılğı ilə 28 May - Respublika Gününə həsr olunmuş vebinar keçirildi
Mayın 27-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi və Türkiyənin Azərbaycandakı Təhsil Müşavirliyinin birgə təşkilatçılğı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti” adlı vebinar keçirildi.
Vebinarı giriş sözü ilə açan SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev iştirakçıları salamlayaraq, ümummilli liderimiz Heydər Əliyevin tarixi kəlamında vurğuladığı kimi, Azərbaycan və Türkiyənin 2 dövlət bir millət olduğunu nəzərə çatdıraraq tədbirin TC-nin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyi ilə birgə keçirilməsindən məmnunluğunu bildirdi. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin Mətbuat və mədəniyyət müşaviri Hüseyin Altınalanı, Sakarya Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi dr.Nurbanu Bulguru, Bülent Ecevit Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının dosenti Gül Banu Dumanı salamladı. Tədbir iştirakçılarına SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını və 28 May Respublika Günü münasibətilə təbriklərini çatdırdı. Birgə tədbir keçirilməsini qəbul edib imkan yaratdığına görə TC-nin Azərbaycandakı səfiri Dr.Cahit Bağcıya təşəkkürümüzü çatdırmağı xahiş etdi və vebinar iştirakşılarını salamlamaq üçün sözü Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat və mədəniyyət müşaviri Hüseyin Altınalana verdi. Müşavir də öz növbəsində belə bir bayram tədbirinin birgə keçirilməsi təklifinə görə SDU rəhbərliyinə təşəkkür etdi, tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan –Türkiyə qardaşlığına, son illərdə əlaqələrin çox yüksək səviyyədə olduğuna diqqəti çəkdi, tədbirdə iştirakdan məmnunluğunu bildirərək, bayram münasibətilə hamını təbrik etdi.
Sonra çıxış üçün söz “Müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda vebinarın əsas məruzəçisi SDU-nun Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimova verildi. Ş.Səlimov xronoloji olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, fəaliyyəti, Azərbaycan tarixində rolu, əhəmiyyəti, süqutu, yenidən bərpası barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildiyi və AXC-nin yaranması ilə xalqımızın çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olduğu, Şərqin ilk demokratik respublikasının təməlinin qoyulduğu, AXC-nin 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli valyuta və s. sahələrdə aparılan islahatların, veilmiş qərarlar və qanunların qısa zamanda demokratik dövlətimizin, müstəqil AXC-nin beynəlxalq miqyasda varlığını bəlli etdiyini diqqətə çatdırdı.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat və mədəniyyət müşaviri prof.Hüseyin Altınalan “Azərbaycan–Türkiyə münasibətləri”mövzusunda çıxış edərək, tarixi köklərə və qardaşlığa həmrəyliyə söykənən, Azərbaycan və Türkiyə əlaqələrindən danışaraq siyasi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə qazanılan uğurlara diqqət çəkdi. Hazırda iki ölkə arasında münasibətlərin geostrateji səviyyədə olduğunu qeyd etdi. Hər zaman Qarabağ məsələsində türk xalqının Azərbaycanın yanında olduğunu, onun haqq işinə dəstək verdiyini, 44 günlük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının sevindiyi qədər Türkiyə xalqının da sevindiyini bildirdi. Heç bir qüvvə Türkiyə - Azərbaycan birliyini sarsıda bilməz. Müşavir hər iki ölkə və region üçün əhəmiyyət daşıyan Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, eləcə də TANAP layihələri haqqında da danışdı,onların əhəmiyyətini vurğuladı, informasiya cəbhəsində Azərbaycana Türkiyə tərəfindən göstərilən dəstək, dezinformasiyaların qarşısının alınmasındakı həyata keçirilən fəaliyyəti haqqında danışdı.
Sonra “Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən beynəlxalq təhlükəsizlik siyasəti” mövzusunda Sakarya Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Nurbanu Bulgur, “1918-ci ildən bu günə Azərbaycanın xarici siyasətində dönüş” mövzusunda Bülent Ecevit Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının dosenti Gül Banu Duman çıxış etdilər və mövzular ətrafında maraqlı elmi əsaslı məlumatlar verdilər.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Hamza Şahin “Azərbaycan – Türkiyə qardaşlığı”, Tarix və coğrafiya fakültəsinin I kurs magistrantı Ceyhun Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunmasında Türkiyənin rolu” mövzularında təqdimatla çıxış etdilər.
Dos.Qafar Atayev çıxış edənlərə təşəkkür etdi, söylənilən fikirləri ümumiləşdirərək dostluq və qardaşlığa söykənən qədim tarixə malik, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin, dövlətlərarası münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu olduğunu söylədi. Qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işimizə hərtərəfli dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirdiyini bildirdi.
Uzun illər Sovet İmperiyası əsarətində yaşamasına baxmayaraq, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti müstəqillyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu, dövlətimizin müstəqillyinin qorunub-saxlanılması ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakiməyyətə qayıdışı ilə bağlı idi. Prorektor dövlətimizin müstəqillyinin əbədi, dönməz olduğunu bir daha dünyaya elan etdiyini bildirdi. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiqliyini göstərərək, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli lider Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar vəhdət təşkil edir. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qəlbi vətən eşqi ilə dolub-daşan qüdrətli hərbiçiləri sayəsində 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarımızı işğaldan azad etdik. Bu il sevinc, qurur hissi ilə 28 May Respublika Gününü Azərbaycanımızın ərazi bütövlüyü şəraitində qeyd edirik.
Sonda bir daha 28 May Respublika Günü münasibətilə hamının bayramı təbrik edildi. tədbir “Bir dəfə yüksələn bayraq bir daha enməz!, Yaşasın Azərbaycan xalqı!, Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Yaşasın TC-nin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan!, Yaşasın Azərbaycan Türkiyə qardaşlığı!” şüarları ilə başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az