Elmi məqalələrə görə mükafatlandırma komissiyasının növbəti iclası keçirildi
Müasir dövrdə universitetlərin raqabət qabiliyyətinin göstəricisi olan amillərdən biri də təhsil ocağında çalışan professor-müəllim heyətinin elmi məqalələrinin beynəlxalq elmi məlumat bazalarına daxil olan dərgilərdə mütəmadi olaraq yer almasıdır.
İyunun 9-da Sumqayıt Dövlət Universitetində “Elmi məqalələrə görə mükafatlandırma komissiyası”nın növbəti tədbiri keçirildi. Tədbirdə komissiyanın üzvləri: sədr – Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov; üzvlər: Elmi hissənin müdiri dos. Samir Orucov, İnformatika və kompüter texnikası kafedrasının müdiri dos. Qadir Mənsurov, Elektromexanika kafedrasının müdiri dos.Turqay Hüseynov, Xarici dillər kafedrasının müdiri prof. Nigar İsgəndərova, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri prof. Şirxan Səlimov iştirak etdilər.
Tədbir iştirakçıları SDU əməkdaşları tərəfindən sözügedən komissiyanın ekspertizasına təqdim olunan 90 məqalə və tezisi baxışdan keçirdi və onların məxsus olduqları məlumat bazalarını və impakt faktorlarını müəyyən etdi. Konstruktiv müzakirələrdən sonra “Clarivate Analytics” şirkətinin Web of Science, “Elsevier” şirkətinin Scopus və “НЭБ” şirkətinin РИНЦ Beynəlxalq məlumat bazalarında yüksək elmi istinad indeksinə malik olan jurnallarda və CPCİ bazasinda olan konfrans materiallarında dərc edilən 11 məqalə və tezisin müəllifləri yekdilliklə mükafata layiq görüldülər.
Qeyd etmək lazımdır ki, SDU-da elmi-tədqiqat işlərinin daha da stimullaşdırılmasını təmin etmək məqsədilə elmi məqalələrə görə mükafatlandırılma tədbirləri universitetinin rektorunun 29.01.2019-cu il tarixli R-10/1 saylı əmrinə əsasən keçirilir.
Mətbuat xidməti