Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi
İyunun 11-də Sumqayıt Dövlət Universitetində rektorluğun onlayn formatda növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq iclasın gündəliyinə 4 əsas: 2020/21-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişi, 2020/21-ci tədris ili üzrə təhsil haqlarının ödənilməsinin vəziyyəti, 2021/22-ci tədris ili üçün dərs bölgüsünün aparılmasının və Məzun gününə hazırlığın vəziyyəti haqqında məsələ çıxarıldığını bildirdi.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.
2020/21-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişi barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov, Magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdilər. Bildirdilər ki, Təhsil nazirinin Ali və orta ixtisas Təhsil Müəssisələrində 2020/21-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili haqqında 08.05.2021-ci il tarixli F-215 saylı əmrini və SDU üzrə rektorun 18.05.2021- ci il tarixli R-19/1 saylı əmrini rəhbər tutaraq, imtahan sessiyası mövcud normativ sənədlər əsasında təşkil olunub və təsdiq olunmuş imtahan cədvəllərinə uyğun olaraq həyata keçirilir. İmtahanların onlayn formatda həyata keçirilməsi ilə əlaqədar yaranan çətinliklərə baxmayaraq, akademik qruplar üzrə bütün tələbələr imtahanlarda fəal iştirak edirlər və imtahan sessiyasının gedişi uğurla davam edir.
2020/21-ci tədris ili üzrə təhsil haqlarının ödənilməsinin vəziyyəti haqqında İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış edərək bildirdi ki, təhsil haqlarının ödənilməsində olan kəsrlər barədə məlumatlar diqqət mərkəzində saxlanılır və həmin kəsrlərin qısa müddətdə aradan qaldırılmasının təmin olunması istiqamətində fakültə dekanlarına tapşırıq verilib.
2021/22-ci tədris ili üçün dərs bölgüsünün aparılmasının vəziyyəti barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verərək qeyd etdi ki, 2021/2022-ci tədris ili üçün dərs bölgüsü hazırlanır. Bütün kurslar üzrə dərs yükünün bölgüsü başlanmışdır. I kursların qəbul praqnozu tam təsdiq olunduğundan onların da dərs yükünün bölgüsü aparılır. Sonra qeyd olundu ki, dərs bölgüsünün vaxtında həyata keçirilməsinin təmin olunması kafedra müdirlərinə və fakültə dekanlarına tapşırılıb.
Məzun gününə hazırlığın vəziyyəti haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək qeyd etdi ki, son illər ərzində SDU-da məzun günləri yüksək təşkilatçılıqla və tələbələrin fəal iştirakı ilə həyata keçirilmişdir. 2020-ci ildə isə pandemiya ilə əlaqədar yüksək peşəkarlıqla hazırlanmış videonun nümayiş etdirilməsi ilə Məzun günü qeyd edilmişdir. 2021-ci ildə də Məzun günü ilə əlaqədar videoçarxın hazırlanması və nümayiş etdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bununla bağlı hazırlıq işləri davam edir.
Sonra rektor Məzun gününə hazırlıq işlərinin iyun ayının 29-nadək tamamlanmasına dair tapşırıq və tövsiyələrini bildirdi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
Mətbuat xidməti