SDU-nun Heydər Əliyev məktəbində “Azərbaycanın siyasi tarixində Qurtuluş günü – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı” mövzusunda onlayn formatda məşğələ keçirildi
İyunun 14-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində “Azərbaycanın siyasi tarixində Qurtuluş Günü – Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı!” mövzusunda onlayn formatda məşğələ keçirildi. Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə kollektivi təbrik etdi, Ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Onun xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndərin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Heydər Əliyev yeganə siyasi xadimdir ki, iki böyük tarixi-siyasi epoxada və keçid dövründə ümummilli lider statusuna yüksələ bilmişdir. Keçmiş sovet hakimiyyəti mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat etmişdir. Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü bütövlükdə xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider–xilaskar rolunu həyata keçirmək üçün imkan yaratmışdır. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq Xilaskar lider missiyasını həyata keçirmişdir. Rektor onu da qeyd etdi ki, Heydər Əliyevin lider və dövlət başçısı kimi böyük xidmətləri sırasında siyasi varisliyi yüksək səviyyədə təmin etməsinə ayrıca toxunmaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərmişdir. Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, O, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyətə malik olan dünya miqyasında liderdir. Bu gün Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər Günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur.
Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva “Azərbaycanın siyasi tarixində Qurtuluş Günü – Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir. Məruzəçi onu da diqqətə çatdırdı ki, hazırda Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.
Məruzə ətrafında Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva “Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Günel Adıgözəlova “Heydər Əliyevin hakimiyyətə qayıdışı sosial–iqtisadi və siyasi sabitliyin başlanğıcıdır”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı İbrahim Zeynallı “Müstəqilliyin ilk illərində dövlət quruculuğu məsələləri”, Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Fidan Bağırova “Müdrik Prezidentimiz – dahi sərkərdə İlham Əliyev” mövzularında çıxış edərək bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti barədə danışdılar. Bildirdilər ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Mətbuat xidməti