Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ADPU-nun 100 illik yubileyinə həsr olunan onlayn formatda elmi – praktik konfrans keçirildi
Yerləşdirilmə tarixi : 24 İyun 2021 17:02
SDU-da ADPU-nun 100 illik yubileyinə həsr olunan onlayn formatda elmi – praktik konfrans keçirildi
İyunun 24-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Konfransda hər iki universitetin rektorları, professor-müəllim heyəti iştirak etdilər.
Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq, konfrans iştirakçılarını salamladı, ADPU-nun 100 illik yubileyi münasibətilə təbrik etdi və ADPU-nun Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolundan bəhs etdi. Qeyd etdi ki, ADPU-nun 100 illik tarixinin bütöv bir mərhələsində (1969–1987-ci illər və 1993–2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev daim ADPU-ya yüksək qiymət vermişdir. ADPU-nun 50 illik yubileyi ilə bağlı təntənəli yığıncaqda ölkənin ali mükafatı olan "Qırmızı Əmək Bayrağı” ordenini Heydər Əliyev şəxsən universitet kollektivinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 aprel tarixli Sərəncamı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Rektor ADPU-nun 100 illik yubileyinin keçirilməsini ölkəmizdə elm və təhsilə, ömrünü gənc nəslin tərbiyəsinə, müstəqil Azərbaycanımız üçün mütəxəssislər ordusunun yetişdirilməsinə həsr etmiş insanların əməyinə göstərilən layiqli münasibətin təzahürü kimi qiymətləndirdi.
Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Ölkəmizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, görkəmli alimlər və tanınmış dövlət xadimləri olan ADPU məzunları hər zaman öz peşəkarlıqları ilə seçilir. İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Rektor onu da qeyd etdi ki, SDU və ADPU-da elmi-pedaqoji fikrin inkişafı sahəsində daim birgə əməkdaşlıq əlaqələri mövcud olub və bu əlaqələr bu gün də yüksək səviyyədə davam edir.
Rektor professor Elxan Hüseynov çıxışının sonunda ADPU-nun 100 illik yubileyi münasibətilə universitetin kollektivinə təbrik ünvanlayaraq, bu ali təhsil ocağına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
ADPU-nun rektoru professor Cəfər Cəfərov ADPU-nun 100 illiyinin respublika səviyyəsində qeyd olunmasını nəzərə çatdırdı, yubileyə həsr olunan konfransın təşkili təşəbbüsünə görə SDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, 1921-ci ildə cəmi 6 tələbə ilə milli dildə fəaliyyətə başlayan Pedaqoji Universitet bu gün özünün 160 mindən çox yüksəkixtisaslı məzunu ilə fəxr edir. Təkcə onu demək kifayətdir ki, AMEA-nın 11 prezidentindən 3-ü ADPU məzunudur və onlar ümumilikdə 27 il ölkəmizin elm məbədinə rəhbərlik etmişlər. Universitetdə aparılan islahatlar, yeni tədris mühitinin yaradılması və əldə olunan uğurlardan danışan rektor vurğuladı ki, həm tədris, həm maddi-texniki sahədə son 5 ildə universitetdə əsaslı yenilənmələr aparılıb və artıq xeyli müsbət nəticələr əldə edilib.Həmçinin 52 xarici universitetlə əlaqələri olan ali məktəbin beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından biri kimi ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı uğurla davam edir və artıq gələn ildən qəbul planının 25-dən 40-a qaldırılması nəzərdə tutulur. Yeni tədris ilindən etibarən ADPU-da MBA və SABAH magistraturasına, həmçinin iki ixtisasda bakalavr səviyyəsində ingilis bölməsinə qəbul aparılacaq. 100 illiyini geridə qoyan Pedaqoji Universitet 2025-ci il üçün hazırlanacaq inkişaf konsepsiyasında təhsilalanlara milli mənlik şüuru əsasında daha çox iki component: rəqəmsal biliklər və xarici dil kompetensiyalarının aşılanmasını hədəf kimi nəzərdə tutur. Professor Cəfər Cəfərov ölkəmizdə milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Sumqayıt Dövlət Universitetinin və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu söyləyərək, onun Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışdı, bu ali təhsil ocağına yeni-yeni uğurlar arzuladı.
Daha sonra mövzu ətrafında məruzələr dinlənildi. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Universitet Ağsaqqallar Şurasının sədri Məlikməmməd Cəbrayılov “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzularında məruzə etdilər. Məruzəçilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkəmizdə kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə ictimai xadimin Azərbaycan cəmiyyətindəki xidmətlərindən bəhs etdilər.
ADPU-nun məzunlarından olan Sumqayıt Dövlət Universitetinin alimləri Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və digər natiqlər çıxış etdilər. ADPU-nun tarixi, tanınmış məzunları və universitetin respublikada pedaqoji sahədə xüsusi rolundan danışaraq, universitetin professor-müəllim heyətini, tələbə və məzunlarını 100 illik yubiley münasibətilə təbrik etdilər
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az