Mayın 29-da SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı.
Öncə sədr İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayevanı dosent, Fiziki coğrafiya kafedrasının müəllimi Tahir Ağayevi elmlər doktoru, Mühasibat uçotu və audit kafedrasının müəllimi Aygün Hüseynovanı iqtisadiyyat üzrə fəlsəfə doktoru, Energetikanın problemləri laboratoriyasının elmi işçisi Sevil Abdullayevanı texnika üzrə fəlsəfə doktoru, Neft kimyası və kimya texnologiyası kafedrasının müəllimi İradə Qarayevanı və Zoologiya və insan fiziologiyası kafedrasının müəllimi Arzu Baxşəliyevi dosent diplomu alması münasibəti ilə təbrik etdi.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov Sumqayıt Dövlət Universitetində Təhsilin inkişaf strategiyası (2015-2020-ci illər), Təhsilin İnkişaf Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı, Tədris Metodiki Mərkəzinin əsasnaməsi və Karyera Mərkəzinin yaradılması haqqında məruzə ilə çıxış etdi. Rektor bu müzakirə zamanı göstəriş verdi ki, artıq yaradılan Qiymətləndirmə və Karyera Mərkəzinin fəaliyyətini təmin etmək üçün otaqlar ayrılsın və bu məsələnin həlli dosent Natiq Talıbova həvalə olunsun.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov SDU-da keçirilmiş konfranslar və TEC-in yekun seminarı və Enactus layihəsi ilə bağlı ətraflı məlumat verdi.
SDU-nun hüquqşünası, dosent Əminə Həsənova universitetimizin bayrağı və xüsusi şöbə haqqında əsasnamə ilə bağlı məruzəsi dinlənildi. Universitetimizin rəmzi olan bayrağımız Elmi şura üzvlərinə təqdim olundu və yekdilliklə bəyənildi.
Rektor Elxan Hüseynov TEMPUS layihəsi çərçivəsində mayın 18-dən 24-dək Almaniya və Avstriya universitetlərində ezamiyyətindən bəhs etdi və səfərin məqsədindən və gələcək əməkdaşlıq planlarından danışdı. Cari məsələlərin müzakirəsi zamanı universitetin struktur rəhbərlərinin maaşının artırılması diqqətə çatdırıldı. Rus dili kafedrasının bağlanaraq Xarici dil kafedrasına birləşdirilməsi və İdman kafedrasının ləğv edilərək nəzdində İdman klubunun yaradılması qərara alındı.
Aprelin 1-də Respublika qəzetində Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti ştatda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan etmişdir. Bu baxımdan da universitetin professor və müəllim heyəti bu müsabiqədə iştirak edərək öz elmi dərəcələrini və vəzifələrini artırılmasını təmin etmək üçün komissiya yaradıldı və yekdilliklə qərar qəbul edildi.
Mətbuat xidməti