SDU-da Milli Ordunun yaranmasının 103-cü ildönümü münasibəti ilə “Zəfərə aparan yol” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
İyunun 25-də Sumqayıt Dövlət Universitetində Milli Ordunun yaranmasının 103-cü ildönümü münasibəti ilə “Zəfərə aparan yol” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik şükutla yad edildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, 26 İyun –Silahlı Qüvvələr Günü münasibətlə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ulu öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin etdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Heydər Əliyevin hakimiyyəti dövründə cəmiyyətin bütün sahələrində əldə olunmuş nailiyyətlər, xüsusilə ordu quruculuğu sahəsində atılan addımlar, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan fəal diplomatik mübarizə Azərbaycanı müstəqil dövlət kimi möhkəmləndirdi və ona dünya birliyində böyük nüfuz qazandırdı. Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, Azərbaycan Ordusunun gücü və vətəndaş həmrəyliyi nəticəsində II Qarabağ müharibəsində əldə olunan tarixi qələbə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Vətən müharibəsindəki şanlı qələbə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə bağlı ümummilli lider Heydər Əliyevin arzularının reallaşması demək oldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi və Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində ötən ilin sentyabrın 27-də başlalan əks-hücum həmləsi ilə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Bu şanlı qələbə ilə Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifi darmadağın edildi, milli ordumuzun gücü və potensialı bütün dünyaya göstərildi və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə, həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi,həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Zəfərə aparan yol” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, həm də Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi nailiyyətlər dayanır.
İqtisadiyyat kafedrasının dosenti iqtisadiyyat üzrə fəlsəfə doktoru Səadət Hümbətəliyeva “İqtisadi qüdrətimiz qələbəmizin təminatıdır”, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müduri professor Məhəmmədəli Zərbəliyev “Qələbəyə aparan yol xalq–ordu birliyindən keçir”, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Emil Məmmədov “Heydər Əliyevin siyasi ideyalarını gerçəkləşdirən İlham Əliyev” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Qələbəyə gedən yol Ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ölkə başçısı dahi dövlət xadimi Heydər Əliyevin ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Son 17 ildə yaradılan iqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Natiqlər xüsusilə vurğuladılar ki, hərbi əməliyyatların başlandığı ilk gündən Azərbaycan vətəndaşları Ali Baş Komandanın ətrafında sıx birləşdi və Prezident-xalq-ordu birliyi qələbəmizin təməlini qoydu.
Mətbuat xidməti