Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini əbədiləşdirmək üçün yaradılmış abidə kompleksinin açılışı oldu
Yerləşdirilmə tarixi : 25 İyun 2021 16:06
SDU-da şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini əbədiləşdirmək üçün yaradılmış abidə kompleksinin açılışı oldu
İyunun 25-də Sumqayıt Dövlət Universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün yaradılan abidə kompleksinin açılış mərasimi keçirildi.
Tədbirdə universitetin bir qrup professor, müəllim və tələbə heyəti ilə yanaşı, şəhidlərin ailə üzvləri də iştirak etdilər.
Tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, abidə önünə əklil və gül dəstələri qoyuldu.
Açılış mərasimində universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək şəhidliyin ən şərəfli və ali zirvə olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, şəhidlərə ən böyük abidə, əslində, qəlbimizdə ucaldılıb. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq qürur duyuruq ki, xalqımızın ən yeni tarixini yazanların sırasında bizim də yetirmələrimiz var. Şəhid kimi, Qazi kimi! Biz gedərgiyik, onlar isə əbədidir! Bu gün Kəlbəcərdə, Laçında, Şuşada qarı-buzu yarıb səngərlərə sipər olan qazilərimizin, igidlərimizin sırasında yetirmələrimizi görmək, sosial şəbəkələrdən, internet mediadan onların səsini, xoş sözünü, qələbə müjdəsini eşitmək insanda bir başqa ovqat yaradır. Bu o deməkdir ki, biz, doğrudan da, təkcə müəllim, mühəndis, tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik!
Rektor onu da vurğuladı ki ,Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət, qələbəyə çatdı. Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Rektor onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igidlərimiz daima diqqət mərkəzindədirlər. Sumqayıt Dövlət Universitetində şəhidlərimiz daima anılır, şəhid ailələri ziyarət olunur, onlara qayğı və diqqət göstərilir.
Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək, müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdilər. Digərləri isə ehtiyac olmadığı üçün ordu sıralarına çağırılmadılar.
Həmçinin qeyd etmək yerinə düşər ki, birinci Qarabağ döyüşlərində iştirak edib şəhid olmuş məzun və tələbələrimizin xatirəsinə universitetin qarşısında qoyulmuş xatirə abidəsinin yaradılması və abidəyə aprel döyüşlərində və sentyabrın 27-dən başlayaraq apardığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunmasında şəhid olmuş tələbə və məzunlarımızın mərmər üzərində xatirə şəkillərinin vurulması da tələbə gənclərin vətənpərvərlik tərbiyəsində olduqca önəmli yer tutur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Sonra tarix və coğrafiya fakültəsinin magistrantı Həsən Əhmədov çıxış edərək qeyd etdi ki, bu gün qürur hissi ilə deyə bilərik ki, yola saldığımız 2020-ci il Azərbaycan xalqı üçün ən əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu. Ən əsası, 2020-ci il xalqımız üçün Zəfər, Qələbə ili oldu! Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, bilavasitə rəhbərliyi altında şanlı Azərbaycan Ordusu erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan əzəli ata-baba torpaqlarımız işğaldan azad olundu. 27 sentyabrda başlanan, 44 gün davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu. Azərbaycanımız isə bu möhtəşəm qələbə sayəsində xalqın öz Lideri ətrafında “DƏMİR YUMRUQ” kimi birləşə bilməsi kimi bütün dünya üçün nümunə ola biləcək model ortaya qoydu. Məhz bu ideologiya möhtərəm Prezidentimizin xalqımızın öz Lideri ətrafında sarsılmaz birliyinin rəmzi kimi ifadə etdiyi “DƏMİR YUMRUQ”un ideoloji əsası oldu və qələbəmizi təmin etdi. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi ilə möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Aynur Alıyeva “Şəhid qanı”, İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Aliyə Əlizadə “Azərbaycan Bayrağı” şeirlərini səsləndirdilər.
Sumqayıt Dövlət Universitetinin əməkdaşı Şəmistan Muradxanlının ifasında Xudayar təsnifi səsləndirildi. Təsnif Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edildi.
Şəhid Elgün Quliyevin bacısı oğlu Əlisuvar Məmmədov “Görüşünə gəlmişəm” şeirini səsləndirdi.
Sonra şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya və universitet rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs etdilər. Vurğuladılar ki, “Şəhidlər ölməz, Vətən bölünməz”.
Universitetdə belə bir abidə kompleksinin yaradılması olduqca qürurvericidir. Şəhidlərin ömür yolu hər bir gənc üçün örnəkdir, onların əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.
Klubun müdiri Xalidə Quliyeva “Azərbaycan oxusun” şeirini səsləndirdi.
Tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!” .“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa Bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az