SDU-da virtual “Məzun Günü” qeyd olundu
Rektor professor Elxan Hüseynov məzunları təbrik etdi
Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir. Bir vaxt çılğın, bəzən də kövrək uşaq şıltaqlığı ilə gəncliyin astanasına qədəm qoyan tələbələr indi ali məktəbi başa vururlar. Tələbəlik illərinin acılı-şirinli anları artıq geridə qalır. İlboyu imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu, xəyal kimidir.
Virtual Məzun günü! İndi leksikonumuza daxil olan bu ifadə insanda qəribə hisslər doğurur. Ancaq nə etmək olar, günümüzün tələbi belədir. Biz artıq təkcə ortaq dəyərlərə deyil, həm də ortaq dərdlərə malikik. Bəşəriyyət olaraq sağlamlığımız naminə sosial məsafəni qorumalıyıq. Özünütəcrid qaydalarına mütləq şəkildə riayət etməliyik. Buna baxmayaraq, xatirəmizə həkk olunan virtual Məzun gününü qeyd edirik. Onu bir vida şərqisi də, yeni bir başlanğıcın bitib-tükənməyən nəğməsi də adlandırmaq olar.
İyunun 30-da Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola saldı. Pandemiyanın qaydaları çərçivəsində kollektiv olaraq unudulmaz gün yaşadıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızda geniş quruculuq işləri aparılır, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühum proqramlar həyata keçirilir. Bu baxımdan təhsil sahəsində görülən işlər diqqətəlayiqdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramlarının uğurla gerçəkləşməsi, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Ölkəmizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidməti olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır.
Qısa zaman kəsiyindən sonra bugünkü məzunlarımız da öz sözünü deyəcək, ölkənin, cəmiyyətin inkişafına töhfələrini verəcəklər. Məzun günündə çıxış edən, tələbələrə ürək sözlərini yetirən, xoş arzularını bildirən rektor professor Elxan Hüseynovun nitqində də dediklərimiz öz əksini tapmışdı: “Əziz məzunlar! Hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bugünü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritetlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Bu barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı imzaladığı sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır” - qeyd edilmişdir. Bu, Sumqayıt Dövlət Universitetinə verilən ən ali dəyər, qiymətdir. Bu gün qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu düşmən üzərində şanlı, parlaq Qələbə qazandı. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyata, güclü orduya malik olması, ən əsası, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında Dəmir Yumruq kimi birləşməsi hesabına əldə edildi.
Nə qədər kədərli olsa da, qeyd etmək istəyirik ki, erməni təcavüzkarları ilə müharibədə şəhid olan, yaralanan oğullarımız var. Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində, Vətənimizin ərazi bütövlüyünün qorunmasında Sumqayıt Dövlət Universitetinin də 16 məzunu şəhidlik zirvəsinə ucaldı. Bütün şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik və qazilərimizə Allahdan şəfa diləyirik!
Əziz məzunlar! Sumqayıt Dövlət Universiteti bu gün Cənubi Qafqazın ən qüdrətli sənaye şəhəri sayılan Sumqayıtın incisi, regionun nüfuzlu tədris mərkəzidir. Sevindirici haldır ki, məzunlarımız dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Onların uğurları bizi çox sevindirir. Hər il universitetimizdə Məzun günü təntənəli şəkildə qeyd edilir, onların şərəfinə vida görüşü təşkil olunurdu. Lakin koronavirus infeksiyasının yayılması səbəbindən budəfəki tədbirlər onlayn formatda keçirilir. Dövrümüzün qlobal sağlamlıq böhranına, ölüm-qalım savaşına çevrilən koronavirus pandemiyası ölkəmizdə bir çox sahələr kimi, təhsil sistemindən də təsirsiz ötüşmədi. Pandemiyanın üzə çıxdığı ilk günlərdən etibarən dövlətimiz tərəfindən əhalinin mütəmadi olaraq məlumatlandırılması, qabaqlayıcı tədbir kimi insanların kütləvi şəkildə toplaşmalarının qarşısının alınması, ölkəmizdən kənarda olan vətəndaşlarımıza dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım edilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi və digər tədbirlər ölkə başçısı möhtərəm İlham Əliyevin yüksək liderlik istedadının və xalqına olan sonsuz məhəbbətinin bariz göstəricisidir. Pandemiya səbəbi ilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblərdə olduğu kimi, Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində də dərs prosesi internet üzərindən onlayn şəkildə keçirilməyə başladı. Aydındır ki, onlayn tədris heç vaxt ənənəvi dərs prosesini tam əvəz edə bilməz. Bununla belə, tələbə və müəllimlərimizin səyi nəticəsində bu sahədə əməyimiz öz müsbət nəticəsini verdi. Tələbələrimiz növbəti tədris ilini uğurla başa vurdular.
Tələbəlik illəri insan ömrünün ən unudulmaz dövrüdür. Bu illər ərzində universitet kollektivi olaraq çalışdıq ki, üzünüzə elmin qapılarını açaraq, sizi yüksəksəviyyəli mütəxəssislər kimi yetişdirək. Bunun üçün universitetdə yeni, müasir laboratoriyalar açdıq, elektron elmi kitabxana, tələbələrimizin praktiki biliklərini möhkəmləndirmək üçün açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksəkgərginlikli yarımstansiya – Tədris poliqonu yaratdıq. Tələbələrimizin bir qrupunun beynəlxalq müsabiqə və elmi konfranslarda iştirak etməsi üçün onları dünyanın bir sıra universitetlərinə göndərilməsinə nail olduq. Əldə etdiyiniz naliyyətlər, semestr imtahanlarındakı nəticələr göstərir ki, zəhmətimiz hədər getməyib. Hər bir universitetin məzunu onun uğurunun, qazandığı nailiyyətlərin göstəricisidir. Hər bir uğurlu kadr həm də təhsil aldığı universitetin səfiri, elçisidir. Ümid edirəm ki, təhsildə qazandığınız elmi biliklərdən qarşıdakı illərdə səmərəli şəkildə istifadə edəcək, universitetin adını daha da yüksəldəcəksiniz. Bu çətin günlərdə – pandemiya dönəmində təntənəli Məzun günü keçirə bilməsək də, bir daha sevincinizə şərik olaraq, sizə cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!
İnanıram ki, bundan sonrakı fəaliyyətinizlə də vətənimizin, ölkəmizin inkişafına töhfələr verəcək, Qarabağın dirçəlişi naminə ön sıralarda dayanacaq, “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin hər bir çağırışını qeyd-şərtsiz yerinə yetirəcək, adınızı Vətəni Vətən edən igidləri sırasına yazacaqsınız!”
Rektor, professor Elxan Hüseynovun xüsusi təbrikindən sonra bir qrup məzunumuz universitetin foyesində Ulu ondər Heydər Əliyevin büstünü və universitetin həyətində yaradılan, Şəhidlərin şərəfinə ucaldılan abidə kompleksini ziyarət etdilər, SDU-nun marşının sədaları altında xoş ürək sözlərini professor-müəllim heyətinə və dostlarına ünvanladılar.
Mətbuat xidməti