Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Yerləşdirilmə tarixi : 07 İyul 2021 15:25
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
İyulun 7-də Sumqayıt Dövlət Universitetinin 2020−2021-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə onlayn iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, koronavirus pandemiyası şəraitində dünyada və ölkəmizdə gedən prosesləri, epidemyanın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərin və peyvəndlənmənin təşviq olunmasının mühümlüyünü diqqətə çatdırdı. Rektor SDU-da da bu istiqamətdə günün tələblərinə uyğun işlərin aparıldığını bildirdi. Elmi Şuranın gündəliyində duran məsələlərə toxunan rektor SDU-da görüləcək hər bir işin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğuladı.
2020−2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat səviyyəsi üzrə Tədris-Metodiki Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlarını diqqətə çatdırdılar.
SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva imtahanların təşkili barədə məlumat verərək bildirdi ki, kollecdə yaz semestrinin imtahanları onlayn formatda müvafiq təlimatlara uyğun həyata keçirilib.
Sənaye müəssisələrində kafedraların filialının açılması barədə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova məlumat verdi. Qeyd etdi ki, 2017-ci ildə SDU-nun Elektromexanika kafedrasının “Azərişıq” ASC-nin tədris mərkəzi nəzdində fəaliyyət göstərən filialı açılmışdır. Filialın əsasnaməsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş və tələbələrin praktik vərdişlərinin formalaşmasına filialın fəaliyyətinin kifayət qədər əhəmiyyəti olmuşdur. Həmçinin dekan SDU ilə “Sumqayıt Texnologiyalar Parkı” arasında imzalanmış əməkdaşlıq haqqında memorandumdan və Elektrotexnika və energetika və Bərk cisim və yarımkeçiricilər fizikası kafedralarının “Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” Açıq Səhmdar Cəmiyyətinin nəzdində filiallarının yaradılması istiqamətində görülən işlər və filialların əsasnamələri barədə Elmi Şura üzvlərinə məlumat verdi.
Aparılan müzakirələrdən sonra hər iki filialın Əsasnaməsi təsdiq olundu.
Elmi Şuranın qərarlarının yerinə yetirilməsi, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi, Elmi Şuranın 2021−2022-ci tədris ili üçün iş planının təsdiqi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Bildirdi ki, pandemiya ilə əlaqədar məhdudiyyətlərin və çətinliklərin mövcud olmasına baxmayaraq, 2020-2021-ci tədris ilində SDU-nun Elmi Şurasının iclasları əsasnaməyə uyğun olaraq müntəzəm həyata keçirilmiş, Elmi Şura üzvlərinin iclaslarda iştirakı 98-100% hədlərində olmuş, daim dəvət olunanlar 15 nəfər
struktur və bölmə rəhbərlərindən ibarət olmuşdur. Elmi Şuraya çıxarılan məsələlər ətraflı müzakirə olunmuş və kollegial formada qərarlar qəbul edilmişdir. Bütün qərarlar diqqət mərkəzində saxlanılmış və vaxtında yerinə yetirilmişdir. Elmi katib onu da qeyd etdi ki, Elmi Şuraya 9 adda tədris və tədris-metodik iş daxil olub, onlar Redaksiya və Nəşriyyat Şurasının və Tədris-Metodiki Şuranın iclaslarında müzakirə olunduqdan sonra müsbət ekspert rəyi ilə Elmi Şuraya təqdim olunub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonra Elmi Şuranın 2021−2022-ci tədris ili üçün iş planı təsdiq edildi.
Cari məsələlərdə İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Elminə Mahmudovanın şəhid ailəsi olması ilə əlaqədar olaraq, təhsil haqqı ödənişindən azad olunması barədə baş hüquqşünas dos. Əminə Həsənova məlumat verdi və Elminə Mahmudovanın təhsil haqqının SDU-nun daxili imkanları hesabına ödənilməsi qərara alındı.
Bununla da, Elmi Şuranın onlayn iclası başa çatdı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az