Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Prezident Təhsil Tələbə Krediti Fondunun yaradılması haqqında Fərman imzaladı
Yerləşdirilmə tarixi : 12 İyul 2021 16:14
Prezident Təhsil Tələbə Krediti Fondunun yaradılması haqqında Fərman imzaladı
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzaladı.
İyunun 18-də təhsil naziri Emin Əmrullayev ölkə prezidentinin müvafiq fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılmasına dair brifinq keçirdi.
Brifinqdə bildirildi ki, Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir qeyd etdi ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək.Nazirin sözlərinə görə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq. Təhsil naziri Emin Əmrullayev onu da əlavə etdi ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər.
Brifinqdə Təhsil Tələbə Krediti Fondu haqqında – Əsas məqamlar qeyd olundu.
- Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.
- Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər.
- Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq.
- Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.
- Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək.
- Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.
- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.
- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.
- Təhsil kreditində faiz dərəcəsi çox az olacaq.
- Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək.
-Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.
- Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.
- Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.
- Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.
- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq.
- Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək.
- Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az