Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov SDU-nun tələbə yataqxanasında aparılan təmir-bərpa işləri ilə tanış oldu
İyulun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında aparılan təmir-bərpa işləri ilə tanış oldu. Başçı yataqxananın təmir olunan otaqları, oxu zalı, yeməkxana, camaşırxana və tələbələrin asudə vaxtlarının keçirilməsi üçün istirahət guşəsi ilə tanış oldu. Yeni tədris ilinədək yataqxananın tələbələrin ixtiyarına veriləcəyini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək, sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, cəmiyyətdə dövlətçilik ənənələri gücləndi, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirildi. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verdi, təhlükəsizliyin təmini üçün güclü potensial yaratdı. Bu imkanlar postmüharibə dövründə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Zakir Fərəcov şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olunmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı, bu inkişafın Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütəmadi diqqət və qayğısı sayəsində mümkün olduğunu vurğuladı. Qeyd etdi ki, ölkə iqtisadiyyatının dinamik yüksəlişi bütün başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, onun yeni mərhələsi başlamışdır. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində həyata keçirilən ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiri idi. Universitetin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdır. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salındı və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edildi. Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirildi və tələbələrin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaradılır. Artıq universitetin 1 saylı yataqxanasında təmir işləri başa çatmaq üzrədir.
Rektor professor Elxan Hüseynov şəhər İcra başçısı Zakir Fərəcovu salamladı. Qeyd etdi ki, şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verir.
Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Rektor son illər universitetdə gerçəkləşən layihələrdən bəhs etdi. Qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti şəhərin sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, nəticə etibarilə də, təhsil alan tələbələr həmin müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadrları kimi formalaşırlar. Ümumiyyətlə, təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə kifayətlənmir, həmçinin tələbəyə şərait də yaradılmalıdır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində həyata keçirilən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiri olmuşdur, çünki tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə, xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına çətinliklər yaradırdı. Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılır, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılır, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilir.
Sonra İcra başçısı universitetin ərazisi ilə tanış oldu və universitetin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün yaradılan abidə kompleksini ziyarət etdi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra dəyirmi masa ətrafında universitetdə reallaşdırılacaq layihələr haqqında fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti