SDU-nun nümayəndələri Şabranda şəhid Seyfəddin Balağayevin xatirəsinə inşa edilmiş Şəhid bulağının açılışında iştirak etdilər
Erməni işğalına qarşı Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlı gənc üçün əsl qəhrəmanlıq məktəbi oldu. Könüllü olaraq Milli Ordumuzun sıralarına qoşulan yüzlərlə gənc də bu müharibədə düşmən ordusunun darmadağın edilməsində yüksək əsgəri rəşadət nümayiş etdirdi. Onlardan bir çoxu döyüşlərdə qəhrəmancasına şəhid oldu, digərləri ağır yaralandılar. Həmin şəhidlik zirvəsinə ucalan gənclərdən biri də Seyfəddin Balağayev idi.
Avqustun 1-də Şabran şəhərində Vətən müharibəsi şəhidi, əsgər Balağayev Seyfəddin Vahid oğlunun adına inşa edilən bulağın açılışı oldu. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, dekan müavini Könül Hacıyeva, Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, tütor Tünzalə Ələkbərova iştirak etdilər.
Əvvəlcə bulağa gül dəstələri düzüldü və şəhidin əziz xatirəsi ehtiramla yad edildi. Çıxış edənlər Seyfəddin Balağayevin qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açdı, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı Tamella Əhmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə qazandığı tarixi qələbədən söz açdı. Bildirdi ki, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbə xalqımıza böyük sevinc bəxş etdi. Bu Qələbə sayəsində torpaqlarımız düşmənin uzunmüddətli işğalından azad olundu. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəldi. Bütün bunlara, əlbəttə, rəşadətli Milli Ordumuzun gücü ilə, şəhid və qazilərimizin qanı ilə nail olduq. Onlar əsl qəhrəmandırlar. Şəhid Seyfəddin Balağayev də bu qəhrəmanlardan biridir. Dekan, tələbəsi olmuş Seyfəddin Balağayev haqqında danışaraq onun nümunəvi tələbə olduğunu bildirdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Hələ Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid tələblərimiz doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. “Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq qürur duyuruq ki, xalqımızın ən yeni tarixini yazanların sırasında bizim də yetirmələrimiz var. Biz, doğrudan da, təkcə müəllim, mühəndis, tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik!”.
Həmçinin qeyd etmək yerinə düşər ki, birinci Qarabağ döyüşlərində iştirak edib şəhid olmuş məzun və tələbələrimizin xatirəsinə universitetin qarşısında qoyulmuş xatirə abidəsinin yaradılması və abidəyə aprel döyüşlərində və sentyabrın 27-dən başlayaraq apardığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş tələbə və məzunlarımızın mərmər üzərində xatirə şəkillərinin vurulması da tələbə gənclərin vətənpərvərlik tərbiyəsində olduqca önəmli yer tutur. Elə həmin abidənin açılış mərasimində şəhid Seyfəddin Balağayevin valideynləri iştirak etmişdilər. Xalqımız öz dəyərli övladlarını hər zaman xatırlayır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Qeyd edək ki, Seyfəddin Balağayev 6 mart 1998-ci il tarixində Azərbaycanın Şabran rayonunun eyniadlı şəhərində anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinə qəbul olunmuşdur. Seyfəddin Balağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmış, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 22 yaşında oktyabrın 7-də Füzuli rayonu ərazisindəki döyüşdə şəhid olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Mətbuat xidməti