Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın onlayn formatda iclası keçirildi
Yerləşdirilmə tarixi : 24 Sentyabr 2021 19:37
SDU-da Elmi Şuranın onlayn formatda iclası keçirildi
Sentyabrın 24-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın onlayn formatda iclası keçirildi.
Rektor Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini salamladı, gündəlikdəki məsələlər barədə məlumat verdi. Bildirdi ki, son üç ildə üzləşdiyimiz COVID−19 bəlası dünyanın düzənini, mizanını dəyişdi. Həyat ritmindən çıxdı. İnsanlar ənənəvi həyat tərzindən qopdu. Virtual aləm, audiovizial dünya ruhlara hakim kəsildi. Nəhayət, ayrılığa, həsrətə son qoyuldu. Pandemiyanın yaratdığı sıxıntılar sona yetdi. Bütün sahələr kimi, axarı dəyişən təhsil sferasına da can gəldi. Bu sevincdən təkcə regionun deyil, ölkənin aparıcı elm-təhsil ocağı olan Sumqayıt Dövlət Universitetinin kollektivinə, professor-müəllim və tələbə heyətinə də pay düşdü. Fədakar alimlərimizi, təkcə ziyalı deyil, əsl Vətəndaş yetişdirən müəllimlərimizi, Zəfər sevinci ilə univesitetimizə qədəm qoyan tələbələrimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, uğurlar və cansağlığı arzuladı.
Gündəlikdə olan məsələlər haqqında Elmi Şura üzvlərinə məlumat verən rektor professor Elxan Hüseynov cari tədris ilinin qəbul statistikası, yeni tədris ilində keyfiyyətli təhsilin təşkili, əsas fəaliyyət istiqamətləri üzrə göstəricilərin daha da artırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ənənəvi təhsilə başlamaq üçün zəruri tədbirlər görülüb və bu gün diqqətdə olan ən vacib məsələlərdən biri tədris zamanı koronavirus pandemiyası ilə mübarizədə aktiv olmaq, müəyyən olunmuş təlimatlara hamının əməl etməsidir.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.09.2021-ci il tarixli 275 saylı qərarı ilə əlaqədar Sumqayıt Dövlət Universitetində tədrisin təşkili və tənzimlənməsi barədə məlumat verdi. Həmin qərara uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədrisin təşkili üçün zəruri işlər görülüb, texniki imkanlar yoxlanılıb, dərs bölgüsü və dərs cədvəllərinin hazırlığı aparılıb. Dosent Natiq Talıbov onu da diqqətə çatdırdı ki, bütün mühazirə dərsləri məsafədən, məşğələ və laboratoriya dərsləri isə ənənəvi şəkildə təşkil olunacaq. Bundan əlavə, əsas məsələlərdən biri də tələbə sayının 70 faizlik limiti aşmaması, yəni auditoriyada yerlərin 70 faizindən çox olması məsələsidir. Mühazirələrin məsafədən keçrilməsi böyük auditoriyaların sayını artırır. Bu da tələbələrin məşğələ dərslərində 70 faiz olmasına imkan verəcək. Həmçinin bu semestr bütün imtahanlar ənənəvi formada keçiriləcək.
Rektor professor Elxan Hüseynov dərsdə iştirak edən tələbələrin auditoriyanın ümumi tutumunun 70 faizi qədər olması barədə Təhsil Nazirliyi tərəfindən verilən 70 faizlik limitin bütün fakültə dekanları, kafedra müdirləri və fənn müəllimləri tərəfindən diqqət mərkəzində saxlanılması və ciddi təmin edilməsi tapşırığını verdi. Həmçinin universitetdə xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.
Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov Sumqayıt Dövlət Universitetinə bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun ilkin nəticələri barədə çıxış etdi və fakültələr üzrə plan və boş qalan yerlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, bəzi ixtisaslar üzrə qəbul plan yerləri tam dolub.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov koronavirus pandemiyası ilə əlaqədar SDU-da keçirilən sanitar epidemioloji tədbirlər və fakültələr üzrə tələbələrin vaksinasiya prosesində iştirakının vəziyyəti barədə çıxış etdi. Qeyd etdi ki, 18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar. Qeyd olundu ki, bəzi tələbələr rayonda 1-ci doza ilə peyvənd olunub, 2-ci doza isə Sumqayıt şəhərindəki tibb müəssisələrində olunmalıdır.
Bununla əlaqədar rektor həmin tələbələrin və ümumiyyətlə peyvənd olunmayan tələbələrin peyvəndləmə prosesinin Sumqayıt şəhərində yerləşən tibb müəssisələrində və ya birbaşa universitetin özündə keçirilməsinin təşkil edilməsi istiqamətində müvafiq iş aparılmasını Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynova tapşırdı.
Sonda rektor müzakirəyə çıxarılan məsələlərlə bağlı tövsiyələrini bildirdi, yeni tədris ilində hər kəsə uğurlar arzu etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az