Universitetin tədris binalarında rəhbərlik tərəfindən monitorinq aparıldı
Sentyabrın 28-də Sumqayıt Dövlət Universtetinin rektoru professor Elxan Hüseynov sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılması münasibətilə universitetin tədris binalarında, elmi-tədqiqat laboratoriya və auditoriyalarında monitorinq apardı. Yeni dərs ilinə hazırlığın mövcud vəziyyətindən bəhs edən rektor tədrisin təşkilində səmərəliliyin daha da artırılması ilə bağlı universitetin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verdi. Bildirdi ki, universitetdə çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Rektor onu da diqqətə çatdırdı ki, hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl etməsi və dezinfeksiya tədbirlərinin görülməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında dezinfeksiya işləri aparılıb. Həmçinin məlumatlılığın artırılması məqsədilə dəhlizlərə maarifləndirici stendlər vurulmuş, əməkdaş və tələbələrin yoluxma riskini azaltmaq məqsədilə xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılmışdır. Bu istiqamətdə rəhbərlik tərəfindən universitetin hər üç tədris binasında nəzarətçilər təyin edilib. Gələcəkdə də universitetdə koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılacaq. 2021/22-ci tədris ilinin də mühüm yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən rektor SDU heyətinin bütün üzvlərini çoxşaxəli və modernləşən universitet həyatında daha fəal olmağa dəvət etdi.
Mətbuat xidməti