SDU-nun əməkdaşı ADA Universiteti və ABŞ-ın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi layihədə sertifikata layiq görüldü
Sentyabrın 24-də ADA Universitetində “Building and Enhancing Research Capacity Network in Azerbaijan” (Tədqiqat bacarıqları şəbəkəsinin inkişaf etdirilməsi) layihəsinin qaliblərinə sertifikatların təqdimolunma mərasimi baş tutdu.
Fevral ayından öz işinə başlayan layihə ABŞ-ın Azərbaycandakı Səfirliyinin təhsil sahəsinə ayırdığı maliyyə əsasında ADA Universitetinin professor-müəllim heyətinin mentorluğu ilə keçirildi. Layihənin əsas məqsədi Azərbaycan tədqiqatçılarına elmi-tədqiqat sahəsində yeni bilik və bacarıqların mənimsənilməsi və inkişaf etdirilməsi sahəsində nəzəri məlumatların çatdırılması, o cümlədən onların araşdırmalarının nəticələrinin yüksək indeksli jurnallarda dərc olunmasında dəstəyin göstərilməsi idi.
Layihə 3 istiqamətdə: tədqiqat metodları, akademik yazı və statistik analiz mövzularında təlimlər keçirməyi öz üzərinə götürmüş, təlimlər ingilis dilində və Blackboard Learning System mobil platforması üzərindən həyata keçirilmişdir.
Ali təhsil müəssisələrinin mütəxəssisləri, müstəqil tədqiqatçılar və beyin mərkəzləri nümayəndələri geniş spektrlı sosial elmlər istiqamətləri üzrə (siyasi elmlər, sosiologiya, psixologiya, hüquq, gender problemləri) tədqiqat işlərini çoxpilləli seçim turundan keçərək, ADA universitetinin və ABŞ universitetlərindən qonaq qismində qatılan aparıcı professorların nəzarəti altında başa çatdırmışlar.
Layihədə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva “Mədəniyyətlərarası dialoq və onun etik dəyərlərə təsiri” mövzusunda elmi məqaləsi ilə iştirak etmiş və onun işi ekspertlər tərəfindən 95 balla qiymətləndirilərək sertifikata layiq görülmüşdür.
Bu münasibətlə S.Fətullayevanı təbrik edir, uğurlar arzulayırıq!
Mətbuat xidməti