SDU-nun rektoru birinci kurs tələbələri ilə görüşdü
Sentyabrın 29-da Sumqayıt Dövlət Universitetində ənənəvi tədrisin başlanması münasibətilə rektor qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələri ilə görüş keçirdi.
Əvvəlcə rektor professor Elxan Hüseynov və yüksək bal toplamış birinci kurs tələbələri universitetin foyesində Ulu öndər Heydər Əliyevin büstünü və universitetin həyətində şəhidlərin şərəfinə ucaldılan abidə kompleksini ziyarət etdilər, əklil və gül dəstələri düzdülər.
Sonra rektor auditoriyalarda birinci kurs tələbələri ilə görüşdü, şanlı qələbəli 2021/22-ci tədris ilinin başlaması münasibətilə professor-müəllim heyətini və tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti yeni tədris ilini yüksək texnologiyalarla, İKT-nin son nailyyətləri ilə təchiz olunmuş auditoriyalar və müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalarla, zənginləşdirilmiş elmi kitabxana, idman kompleksi, futbol meydançası, qəhrəman məzunlarımızın xatirəsinə ucaldılan abidə kompleksi və ən asası isə, “QARABAĞ AZƏRBAYCANDIR!” nidası, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Şuşa qalasında, Xüdafərin körpüsündə dalğalanan üçrəngli, hilallı-ulduzlu Bayrağın qüruru ilə qarşılayır. Bildirdi ki, uzun müddətdir, COVID-19 infeksiyası ilə mübarizənin davam etməsi səbəbindən tədris prosesi əsasən məsafədən həyata keçirilirdi. Nəhayət ki, ənənəvi tədris bərpa olundu. Professor-müəllim və tələbə heyətini universitetdə görmək, əvvəlki həyatımıza qayıtmaq çox sevindiricidir. Əminəm ki, bu tədris ili Sumqayıt Dövlət Universiteti kollektivinin hər bir üzvü üçün uğurlar, yeni başlanğıclar və əhəmiyyətli nailiyyətlər ilə yadda qalacaqdır. Birgə səylərimiz yeni tədris ilində Sumqayıt Dövlət Universitetinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi istiqamətində daha ciddi nəticələrin əldə olunmasına imkan verəcəkdir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müasir, qüdrətli, müstəqil Azərbaycanımızda təhsilə xüsusi diqqət və qayğı göstərilir. Rektor onu da diqqətə çatdırdı ki, universitetlər öz siması ilə tanınır. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəniyyət mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır” - qeyd edilmişdir. Bu universitetimizə verilən ən ali qiymətdir. SDU-da aparılan yenidənqurma və abadlıq işləri onun görkəmini tamamilə dəyişmişdir.
Rektor çıxışının sonunda fədakar alimlərimizi, təkcə ziyalı deyil, əsl Vətəndaş yetişdirən müəllimlərimizi, Zəfər sevinci ilə universitetimizə qədəm qoyan tələbələrimizi yeni tədris ilinin başlanması münasibətilə bir daha təbrik etdi, uğurlar və cansağlığı arzuladı.
Sonra qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri təqdim edildi. Çıxış edən tələbələr SDU-ya qəbul olunduqlarına görə sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar ixtisaslı kadrı olmaq üçün elmin sirlərinə həvəslə yiyələnəcəklərini qeyd etdilər.
Qeyd edək ki, universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl etməsi və dezinfeksiya tədbirlərinin görülməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında dezinfeksiya işləri aparılıb. Həmçinin məlumatlılığın artırılması məqsədilə dəhlizlərə maarifləndirici stendlər vurulmuş, əməkdaş və tələbələrin yoluxma riskini azaltmaq məqsədilə xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılmışdır. Bu istiqamətdə rəhbərlik tərəfindən universitetin hər üç tədris binasında nəzarətçilər təyin edilib. Bundan əlavə, termovizorlar – hərarəti özü ölçən cihazlar vasitəsilə universitetin inzibati binasına daxil olan bütün əməkdaş və tələbələrin hərarəti ölçülür.
Tədrisin karantin rejimi qaydalarına əsasən təşkili məqsədilə dərslərdə auditoriyaların tutumunun 70%-dək tələbənin iştirakı təmin olunub.
Mətbuat xidməti