Sumqayıt Dövlət Universitetində Ukrayna və Azərbaycan startap ekosistemləri ilə bağlı görüş keçirildi.
Tədbirdə SDU-nun rektoru, professor Elxan Hüseynov, AzTU-nun prorektoru, professor Mustafa Babanlı, Ukrayna Milli Texniki Universitetinin direktoru, “Sikorsky Challendge” Business İncubator-un meneceri İnna Malyukova və Ukrayna Milli Texniki Universitetinin “Kiyevskaya Politexnika” Elm və Texnologiyalar Parkının baş direktoru Yaroslav Koloqrivov iştirak edirdilər.
SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi.
Rektor vurğuladı ki, bu gün ölkəmizdə müasir ideyalara, yeni texnologiyalara, milli və ümumbəşəri dəyərlərə söykənən təhsil sisteminin qurulması istiqamətində böyük işlər görülür. Təhsil tarixinə qloballaşma, elmi-texniki tərəqqi, innovasiyalar və texnologiyalar, modernləşdirmə dövrü kimi yazılan XXI əsrin ilk mərhələsinə Azərbaycan bütün sahələrdə daxil oldu və sevindirici haldır ki, aparılan məqsədyönlü islahatlar, genişmiqyaslı təhsil layihələrinin həyata keçirilməsinin reallaşdırılması uğurla nəticələnir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının istiqamətləri, təhsil layihələri Sumqayıt Dövlət Universitetinin fəaliyyət proqramının əsas hədəfi kimi müəyyənləşdirilib. Təhsilin inkişafını, keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçiririk. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən, texnoparkların yaradılması, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı öz çıxışında ölkəmizdə startap ekositeminin vəziyyəti barəsində ətraflı məlumat verdi. Ukraynanın adı çəkilən qurumları ilə gələcək əməkdaşlıq məsələləri, xüsusilə də universitetlərdə Elm parkları və Texno parkların yaradılmasının vacibliyini diqqətə çatdırdı.
İnna Malyukova və Yaroslav Koloqrivov bildirdilər ki, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və onların yerli və xarici bazara çıxarılması məqsədi ilə “Kiyev politexnikası” elmi parkı 2007-ci ildə Ukrayna Milli Texniki Universitetinin tərkibində yaradılmışdır. Universitetimiz Avropada dərin elmi və innovativ ənənələri olan ən məşhur mühəndis məktəblərindən biridir. “Kiyev politexnikası” elmi parkı – yüksək texnoloji işlərin effektiv kommersiyalaşdırılmasına şərait yaradan elmi-innovasiya prosesinin təşkilolunma formasıdır. “Kiyev politexnikası” elmi parkı elə bir innovasiya mühitidir ki, elmi həcmli məhsulların yaradılmasına köməklik göstərir və biliklər potensialının kommersiya uğuruna keçməsi dövrünü maksimal azaldır.
Qonaqlar Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universitetlərinin birgə bazasında elmi park yaradılmasını təklif etdilər və noyabr ayında təlim kurslarının keçirilməsini təklif etdi.
Rektor təklifi səmimi qəbul etdi və bu təlim kurslarında SDU-nun da əməkdaşlarından ibarət işçi heyət yaradılması üçün göstəriş verdi.
AzTU-nun prorektoru, professor Mustafa Babanlı, “Sikorsky Challendge” Business İncubator-un meneceri İnna Malyukova və Ukrayna Milli Texniki Universitetinin “Kiyevskaya Politexnika” Elm və Texnologiyalar Parkının baş direktoru Yaroslav Koloqrivov səmimi qəbula görə rektora öz təşəkkürlərini bildirdilər.
Mətbuat xidməti