SDU əməkdaşları “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+EQAC layihəsinin yekun konfransında iştirak edib
11 oktyabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib. Bakı Biznes Universitetində keçirilən konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetinin rektorları və digər səlahiyyətli nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko, Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas, Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərənin Middlesex Universitetinin, Litvanın SMK Sosial və Tətbiqi Elmlər Universtetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın Alicante Universitetinin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
SDU-dan konfransda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov, kafedranın baş müəllimləri Könül Allahverdiyeva, Fəridə Ağayeva və layihənin SDU tərəfdən meneceri t.f.d. Samirə Məmmədova iştirak ediblər.
Layihənin koordinatoru Gülşən Bayramova çıxışında qarşıya qoyulan məqsədlərdən və yekunda əldə edilən nəticələrdən, layihənin icrası müddətində qarşıya çıxan imkanlardan və eyni zamanda çətinliklərdən bəhs edib. Koordinator bildirib ki, layihə çərçivəsində 9 ali təhsil müəssisəsində Keyfiyyət Təminatı Mərkəzləri yaradılıb, iki ali təhsil müəssisəsində mərkəzin fəaliyyəti yenidən təşkil edilib, 3000-ə yaxın tələbə və 500-dən çox akademik heyət sorğularda iştirak edib, 500-ə yaxın akademik heyət müxtəlif təlimlərdə iştirak edib, 80 fənn proqramı yenilənib, 22 nəfər Keyfiyyətin İdarəedilməsi sahəsi üzrə sertifikatlaşdırılıb, ali təhsil müəssisələri üçün daxili keyfiyyət təminatı standartları və təlimatlarını özündə əks etdirən bələdçi hazırlanıb və digər bir sıra mühüm işlər görülüb.
Daha sonra layihə konsorsiumunun Avropadan olan tərəfdaşları İngiltərədən Dr.George Dafoulas, İsveçdən Dr.Viktor Kordas, Litvadan Dr.İnga Petreikiene və
Dr.Laura Seukeviciute, İspaniyadan Dr.Luis Gomes layihənin uğurlu olmasının səbəbləri, layihənin müqayisəli təhlili, keyfiyyət təminatı sisteminin qurulmasında layihənin vacibliyi kimi məsələlər barəsində təqdimatlar ediblər.
Konfransın yekununda yerli tərəfdaş universitetlərin nümayəndələri layihənin uğurlu icrası, müsbət təsiri haqqında qısaca məlumat verərək başda kordinator universitet olmaqla, xarici və yerli tərəfdaşlara öz təşəkkürlərini bildiriblər, gələcəkdə yeni layihələrdə birgə çalışmaq arzularını səsləndiriblər.
Mətbuat xidməti