SDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi münasibətilə Respublika elmi konfransı keçirildi
Oktyabrın 14-də Sumqayıt Dövlət Universitetində “Azərbaycan Respublikası 1991‒2021: dövlət müstəqilliyinin bərpası, iqtisadi və sosial-mədəni inkişafı” mövzusunda Respublika elmi konfransı onlayn formatda keçirildi.
Konfransda universitetin professor-müəllim heyəti ilə yanaşı, qonaq qismində Millət vəkilləri AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, professor Hikmət Baba oğlu, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov və respublikamızın tanınmış tarixçi alimləri iştirak etdilər.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru professor Elxan Hüseynov qonaqları salamladı, tarixi zəfərimizdən, müstəqilliyimizdən və konfransın əhəmiyyətindən danışdı, iştirakçıları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. “1993‒2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir”. Dövlətimizin başçısı cənab İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 30 illik tarixinin aydın mənzərəsini yaradır. Hansı sahəyə diqqət yetirsək, inkişaf, tərəqqi görərik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yola saldığımız il hər zaman əvvəlki ildən daha uğurlu, daha yaddaqalan olur. Bu da ondan irəli gəlir ki, uğurların davamlılığının təmin edilməsi üçün zəruri addımlar atılır. Xüsusi vurğulamaq lazımdır ki, ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənistan‒Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident cənab İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində dəmir yumruğa çevrilib düşmənin başını əzdi. Beləliklə, XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı.
Konfransda AMEA-nın müxbir üzvü, Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı “30 ilin başlıca yekunları və perspektivlər” mövzusunda məruzə edərək Müstəqillik Gününün əhəmiyyətindən danışdı. 30 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu vurğuladı.
SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyev siyasəti” mövzusunda məruzə edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyin qorunması və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün oldu.
Millət vəkili professor Hikmət Baba oğlunun “Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri və əldə olunan nəticələr” mövzusunda məruzəsi dinlənildi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində Dahi rəhbərdən bizə miras qalmış müstəqil dövlətimiz daha da möhkəmlənir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır, ölkəmiz çiçəklənir.
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Millət vəkili professor Anar İsgəndərov “44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edən dövlətlər” mövzusunda məruzə edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbədən danışdı. Qeyd etdi ki, Azərbaycan Ordusunun peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı döyüşlərdə öz sözünü dedi. Zəfərlə başa çatan Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı, aldığımız dəstəklər gücümüzə güc qatdı.
SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycan Respublikasının iqtisadi və sosial-mədəni inkişafı” mövzusunda məruzə etdi. Bildirdi, Müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin milli maraqlara əsaslanan müdrik siyasəti nəticəsində iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir.
İştirakçılar belə bir mövzuda konfransın təşkili üçün Sumqayıt Dövlət Universitetinin rektoruna, təşkilat komitəsinə dərin təşəkkürlərini bildirdilər.
Konfransın sonrakı işi haqqında Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev məlumat verdi. Bildirdi ki, konfransın gündəliyinə 154 məruzə daxil edilmişdir. Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcəkdir.
Mətbuat xidməti