SDU-da Heydər Əliyev məktəbinin növbəti onlayn formatda məşğələsi keçirildi
Oktyabrın 15-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbinin “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır” mövzusunda onlayn formatda məşğələsi keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli tərəqqisi, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərin qorunması sahəsində, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, habelə təhsil və təhsil işçilərinə göstərdiyi qayğıdan bəhs etdi. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində dövlətçilik tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Ulu öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Artıq XX əsrin 70‒80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi. Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmaların olmasıdır. Reallıqlar göstərir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. 1993-cü ildən bu günə kimi müstəqil Azərbaycan dövləti, sözün həqiqi mənasında, sürətli, dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.
Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da, ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Qısa zaman kəsiyində Azərbaycan siyasi çəkisinə və iqtisadi inkişaf tempinə görə dünyanın ən önəmli ölkələri sırasına daxil oldu. Prezident cənab İlham Əliyev təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxlamış, bu sahədə islahatların dərinləşməsi üçün sərəncamlar imzalamışdır. Ölkə başçısının diqqəti, qayğısı və yaxından dəstəyi ilə “qara qızıl”dan, maddi dəyərlərdən əldə edilən gəlir ölkədə insan kapitalının inkişafına yönəldilmişdir.
Rektor onu da vurğuladı ki, Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media quruluşlarının jurnalistlərinə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Bu gün 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. “İnanıram ki, Azərbaycanın dilbər guşəsi Qarabağda yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək”.
Tədbirdə Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır” mövzusunda məruzə etdi. Məruzə ətrafında Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “İlham Əliyevin siyasi varislik və xilaskarlıq missiyası”, baş hüquqşünas dosent Əminə Həsənova “Müstəqil Azərbaycanın təhsil sisteminin hüquqi bazası”, Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Sevər Mirzəyeva “Orta ümumtəhsil məktəblərində Heydər Əliyev qayğısı”, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynov “Heydər Əliyev və Azərbaycanda ali təhsil”, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Sədiyyə Rəhimli “44 günlük müharibədə qələbəmiz Heydər Əliyevin hərbi kadr siyasətinin nəticəsidir” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.
Mətbuat xidməti