Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 18 Oktyabr ‒ Müstəqilliyin Bərpası Gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 18 Oktyabr ‒ Müstəqilliyin Bərpası Gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Mahal Muradov açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Qeyd etdi ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər, Azərbaycana siyasi müdriklik gətirdi. Məhz ümumilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Dekan qeyd etdi ki, Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi getdikcə daha da möhkəmləndi, ərazi bütövlüyü bərpa edildi və 30 illik işğala son qoyuldu.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışaraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parcalanmaqdan xilas olan Azərbaycan məhz Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da gücləndi, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildi. Elmar Xəlilov onu da qeyd etdi ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqlarımızı azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.
Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Anar Güllərlinin ifasında “Azərbaycan – dünyam mənim”, IV kurs tələbələri: Nərmin Pirişovanın ifasında “Ey Vətən”, Hüseyn Abdullayevin ifasında “Qələbə” şeirləri səsləndirildi.
Tədbirin sonunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti