Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi
Oktyabrın 22-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin tədris və elmi fəaliyyəti üzrə inkişafından danışdı.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov SDU-da tədris prosesinin gedişi və kollokviumların keçirilməsinə hazırlıq barədə çıxış etdi. Bildirdi ki, mühazirə dərslərinin məsafədən, məşğələ, seminar və laboratoriya dərslərinin isə ənənəvi qaydada keçirilməsinin səmərəliliyi yüksəkdir və yoluxma hallarının qarşısının alınmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Tələbələrin dərslərdə və fasilə vaxtı dəhlizlərdə maskadan istifadə etməsi, məsafə saxlaması daim diqqət mərkəzindədir və bu tədbirlərin bundan sonra da nəzarətdə saxlanılması fakültə dekanlarına, kafedra müdirlərinə və fənn müəllimlərinə tapşırılıb. Faiq Şirinov onu da qeyd etdi ki, kollokviumların 1-ci mərhələsi oktyabrın 25-dən noyabrın 5-dək keçiriləcək. Kollokviumların keçirilməsinə hazırlıq məqsədilə kollokvium suallarının əvvəlcədən tələbələrə verilməsi və zərurət yarandıqda əlavə məsləhət saatlarının keçirilməsinin məqsədəuyğun hesab edildiyini diqqətə çatdırdı.
Rektor akademik qrupda tələbələrdən 1 nəfər COVID‒19 infeksiyasına yoluxduqda bütövlükdə qrupun məsafədən tədrisə keçirilməsini müsbət qiymətləndirdi və bu işin bundan sonra da davam etdirilməsini Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinova tapşırdı.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev Sumqayıt Dövlət Universitetində qış mövsümünə hazırlığın vəziyyəti haqqında ətraflı məlumat verdi. Xüsusi karantin rejimi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gözlənilməsi ilə SDU-da təmir, tikinti, yenidənqurma işlərinin davam etdirildiyini bildirdi və qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar universitetdə görülmüş işlər və qarşıda duran vacib məsələlər barədə danışdı. Qeyd etdi ki, universitetin hər üç tədris binasının istilik sistemi yoxlanılıb və istilik sisteminin tezliklə işə salınması planlaşdırılıb.
Rektor qeyd etdi ki, qışa hazırlıq işlərinə daha əvvəldən başlanılıb və hazırda bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsi, mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlarını verdi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov Sumqayıt Dövlət Universitetində 8 Noyabr Zəfər Gününün keçirilməsi ilə bağlı görülən işlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. Sərəncama əsasən hər il 8 Noyabr Zəfər Günü bayram günü kimi qeyd ediləcək. Sərəncamlara uyğun olaraq, Sumqayıt Dövlət Universitetində keçiriləcək silsilə tədbirlərin planı təsdiq edildi. SDU-da 8 Noyabr Zəfər Gününün yüksək səviyyədə qeyd olunması məqsədilə tədbirlər planına uyğun bütün işlərin vaxtında yerinə yetirilməsinə nəzarət Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynova tapşırıldı.
Rektor onu da qeyd etdi ki, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə universitetin həyətində yaradılmış abidə kompleksi SDU-nun əməkdaşları və tələbələrimiz üçün daimi ziyarət məkanıdır və tələbələrimizin öz təşəbbüsləri ilə ziyarət etmələrindən başqa, təşkilatlandırılmış formada da abidə kompleksinin ziyarət olunması məqsədəuyğun olar.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
Mətbuat xidməti