SDU-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Oktyabrın 26-da Sumqayıt Dövlət Universitetində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” mövzusunda onlayn formatda birgə elmi-praktik konfrans keçirildi.
Konfrans dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səsləndirilməsi ilə başladı.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı. Bildirdi ki, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 ili tamam olur. 100 illik yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bu sərəncam ölkə başçısının bu qocaman, ölkəmizdə və Müsəlman Şərqində ilk belə tipli ali musiqi təhsil ocağına göstərdiyi diqqətin bariz nümunəsidir. Bu gün Musiqi Akademiyası xalqımızın musiqi sərvətinin qorunub yaşadılması, dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi çoxşaxəli, geniş fəaliyyəti ilə əvəzsiz rol oynayır.
Prorektor Ramiz Hüseynov çıxışında bildirdi ki, xalqımız Ü.Hacıbəylinin doğum gününü ilk dəfə qalib xalq olaraq Milli Musiqi Günü kimi qeyd etdi. Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir. Təməli Üzeyir bəy tərəfindən qoyulmuş ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib. Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz bu təhsil ocağının məzunlarıdır.
BMA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxış edərək yubileyə həsr olunan konfransın təşkili təşəbbüsünə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə etdi. Professor Gülnaz Abdullazadə təmsil etdiyi təhsil ocağının tarxindən danışdı. Bildirdi ki, Azərbaycanın musiqi mədəniyyəti və təhsilinin inkişafında Bakı Musiqi Akademiyasının böyük rolu vardır. Bakı Musiqi Akademiyası milli musiqi mədəniyyəti və elm-təhsil mühitinə verdiyi töhfələrlə yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin və şərəfli bir yol keçmişdir. Bu musiqi məbədinin əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur. 100 il ərzində bir neçə nəsil musiqiçilərin fədakar əməyi sayəsində Azərbaycanın musiqi mədəniyyəti, kadr potensialı, musiqi elmi mühiti ən ali inkişaf səviyyəsinə yüksəlmişdir.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənildi.
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti, Ü.Hacıbəyli adına BMA-nın məzunu Telman Qəniyev “Azərbaycan professional musiqi sənətinin inkişafında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu”, Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri mükafatçısı, professor Ramiz Quliyev “Qızıl əsrin” musiqi aləminə dair xatirələrim”, SDU-nun Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, BMA-nın məzunu Afaq Qəniyeva “Azərbaycan ifaçılıq sənətinin inkişafında Bakı Musiqi Akademiyasının rolu”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva “Ü.Hacıbəyli bəstəkarlıq məktəbinin davamçıları”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Ü.Hacıbəylinin musiqili komediyalarında Azərbaycan xalq rəqsləri”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Fidan Nəsirova “Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolu”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədova “Ü.Hacıbəyli satirasında ədəbi-bədii mənbələr haqqında” mövzularında məruzə etdilər. Bildirdilər ki, Bakı Musiqi Akademiyası 100 illik fəaliyyəti dövründə Azərbaycan musiqi sənətinin dünya musiqisinə və dünya mədəniyyətinə inteqrasiyasında mühüm rolu olub. Natiqlər onu da vurğuladılar ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağda tarixi ənənənlərimizin, mədəni tədbirlərimizin də bərpasına rəvac verdi. Bu gün bütün Qarabağ quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə çevrilib. Rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı erməni işğalçılarından təmizləyən Azərbaycan Respublikası Prezidentinin qətiyyətli çıxışları, azad edilmiş yurdlarımızda üçrəngli bayrağımızın ucaldılması, insanlarımızın qələbə coşqusu, Bakıda keçirilən Zəfər paradı, gözəl Şuşamızda böyük təntənə ilə baş tutan “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”... Bunların hər biri bizim üçün xoş və unudulmaz anlar, məqamlardır.
Çıxışlararası səsləndirilən musiqi nömrələri konfransa xüsusi ovqat bəxş etdi.
Mətbuat xidməti