SDU-da “İşğaldan azad olunmuş ərazilərin inkişafınin strateji aspektləri” mövzusunda vebinar keçirildi
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsininin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin inkişafınin strateji aspektləri” mövzusunda vebinar keçirildi.
Vebinarda millət vəkilləri Hicran Hüseynova, Vüqar Bayramov, Emin Hacıyev, Müşfiq Məmmədli, Mahir Abbaszadə, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, “QARABAĞ” ordenli Polkovnik – leytenant, Füzuli-Xocavənd-Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı Ehtiram Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri, Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısı, I qrup Vətən müharibəsi qazisi kapitan Tərlan Hacızadə, həmin şöbənin böyük məsləhətçisi, Kəlbəcər uğrunda gedən döyüşlərin iştirakçısı, II qrup Vətən müharibəsi qazisi baş leytenant Zaur Süleymanlı, Füzuli uğrunda gedən döyüşlərin iştirakçısı, II qrup Vətən müharibəsi qazisi, leytenant Orxan Novruzov, Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı, II qrup Vətən müharibəsi qazisi, kapitan Fuad Cabbarov və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vebinarı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi, vebinarın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz unikallığı ilə fərqləndi. Rektor ötən bir il ərzində ölkə başçısının tapşırığı əsasında Qarabağda geniş quruculuq işlərinə başlanıldığını, müasir standartlara cavab verən yollar salındığını, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyini, eləcə də beynəlxalq mədəniyyət festivallarının baş tutduğunu diqqətə çatdırdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarılması bu ərazilərdə post-konflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcəkdir.
Millət vəkili Hicran Hüseynova “Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın sosial-iqtisadi əhəmiyyəti” mövzusunda məruzə etdi. Bildirdi ki, Prezident cənab İlham Əliyev Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm tarixi qərara imza atdı. Millət vəkili onu da qeyd etdi ki, iqtisadi rayonlar sırasına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərar, əhəmiyyətli bir addımdır.
Millət vəkili Vüqar Bayramov “44 günlük Zəfərin iqtisadi-siyasi əhəmiyyəti” mövzusunda məruzə etdi. Bildirdi ki, Azərbaycan ötən ilin payızında 44 günlük Vətən müharibəsində erməni separatçıları üzərində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra ölkəmizdə, o cümlədən regionda yeni hərbi, siyasi və iqtisadi reallıqlar yarandı, xüsusən də, sosial-iqtisadi sahədə həlli vacib məsələlər gündəmə gəldi. Bu səbəbdən Prezident cənab İlham Əliyev bir sıra mühüm qərarlar qəbul etdi. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir.
Millət vəkili Emin Hacıyev “Böyük Qarabağ Zəfərinin beynəlxalq mahiyyəti” mövzusunda məruzə etdi. Bildirdi ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Millət vəkili Müşfiq Məmmədli “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafın əsas hədəfləri” mövzusunda məruzə etdi. Qeyd etdi ki, iqtisadi zonaların yeni bölgüsü sırf iqtisadi qərar deyil, vacib strateji və siyasi addımdır. Bu qərar Azərbaycanın uzun illərlə dünyaya sübut etməyə çalışdığı reallığı əks etdirir. Belə bir tarixi sənəd Azərbaycan dövləti üçün gələcəkdə əhəmiyyətli dərəcədə böyük rol oynayacaq. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar.
Millət vəkili Mahir Abbaszadə “Böyük köç qayıdışı proseslərində aqrar sektorun və turizmin inkişaf prioritetləri” mövzusunda məruzə etdi. Qeyd etdi ki, Qarabağın aqrar sektorunun imkanları ilə yanaşı, mövcud turizm potensialının inkişaf etdirilməsi mühüm prioritetlərdən biridir. Bu sahənin inkişafı üçün Qarabağda hər cür şərait var. İqtisadiyyatın gəlirli sahələrindən olan turizm qeyri-neft sektorunun daha səmərəli inkişafına imkan yaradır. Bu mənada Qarabağın işğaldan azad edilməsi turizm sahəsinə güclü təsir göstərəcəyi şübhəsizdir.
AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev “Post-konflikt ərazilərdə məskunlaşma proseslərinin konseptual əsasları və istiqamətləri” mövzusunda məruzə etdi, azad olunan Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, Qarabağda təkcə ali təhsil deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Təbriz Əliyev “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişaf etdirilməsinin aktual məsələləri”, “Qarabağ” ordenli Polkovnik – leytenant, Füzuli-Xocavənd-Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı Ehtiram Məmmədov “Qarabağ uğrunda döyüşlərdə hərbi uğurlar”, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev “İşğaldan azad olunmuş ərazilərdə investisiya cəlbediciliyinin artırılmasının strateji aspektlər” mövzularında məruzə etdilər. Qeyd etdilər ki, Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.
Mətbuat xidməti