SDU-nun tələbə təşkilatları şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsini yad etdilər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Ölkə Prezidenti, yenilməz sərkərdə cənab İlham Əliyevin siyasi müdrikliyi və qətiyyətli iradəsi, əsgər və zabitlərimizin mərdliyi və igidliyi, Xalq-İqtidar-Ordu birliyi sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Yüksək fəxarət hissi ilə qeyd etmək yerinə düşər ki, erməni əsarətindən qurtulmuş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında doğma universitetimizin tələbə və məzunları da vardır. Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi, onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanılan Qələbə həm də minlərlə şəhidimizin qanı bahasına başa gəldi. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini birlikdə anırıq.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər: elmi konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, müntəzəm olaraq əməkdaşlar və tələbələr tərəfindən şəhidlik zirvəsinə ucalan tələbə və məzunların ailələri ziyarət edilir. Noyabrın 5-də Zəfər Günü ilə əlaqədar Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin üzvləri şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev çıxışında bildirdi ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz dərin ehtiramla anılır. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib. Bakının “Azadlıq” meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə milli qürur və iftixar doğururdu. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər Günü bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Tələbə Elmi Cəmiyyətinin sədri dosent Lalə Bünyatova çıxışında qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin ‒ Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxışında bildirdi ki, hər birimiz Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Müzəffər ordumuz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini yazdı. Bu gün bütün Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək ona öz dəstəklərini ifadə edirlər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə ‒ informasiya müharibəsində də düşmənin layiqli cavabını verdilər. Bu gün respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər formalaşıb. Azərbaycan gənclərinin dövlətimizin ictimai-siyasi həyatında rolu hər gün artmaqdadır və hazırda respublikada mövcud olan gənclər təşkilatları dövlətin yaratdığı şərait sayəsində fəaliyyət göstərir. Məhz dövlət başçısının gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlətin bu qayğısını həmişə hiss edərək öz nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Son günlər Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər informasiya müharibəsində çox fəal oldular və düşmənə adekvat cavablar verdilər. Qarabağ həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara çatdırılması üçün bütün imkanlardan istifadə etdilər. Bu gün hər birimiz qürur, böyük sevinc hissləri yaşayırıq. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Torpaqlarımızı ordumuzun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış əldə etdik. Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir və Azərbaycan xalqı tarixi qələbəsini də öz müdrik rəhbərinin başçılığı ilə qazandı.
Mətbuat xidməti