Filologiya fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsini yad etdilər
Noyabrın 4-də Zəfər Günü ilə əlaqədar olaraq, Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Fakültə dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Zəfər tarixində göstərdiyi qəhrəmanlıqlardan söz açdı, düşmən üzərində misilsiz qələbə qazanan igidlərimizin gənc nəslə örnək olduqlarını bildirdi. Onu da diqqətə çatdırdı ki, Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Bu gün qarşılaşdığımız mənzərə, həqiqətən də, qürurvericidir. İllərdir xəyallarını qurduğumuz an gerçəkləşdi, otuz illik həsrət artıq sona çatdı, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Mətbuat xidməti