Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU -da “İkinci Qarabağ döyüşlərində Azərbaycan xalqının qələbəsi tarixi hadisədir” mövzusunda vebinar keçirildi
Yerləşdirilmə tarixi : 05 Noyabr 2021 23:00
SDU -da “İkinci Qarabağ döyüşlərində Azərbaycan xalqının qələbəsi tarixi hadisədir” mövzusunda vebinar keçirildi
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinininin təşkilatçılığı ilə “İkinci Qarabağ döyüşlərində Azərbaycan xalqının qələbəsi tarixi hadisədir” mövzusunda vebinar keçirildi.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vebinarı giriş sözü ilə İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova açaraq, qonaqları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunmuş 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuzillik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gərərək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və Xalq-Ordu-İqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına ‒ Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarının əsarətinə son qoydu. Bu müharibədə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə‒Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən bəhrələnərək işğal altındakı torpaqlarımızı azad etdik. Türkiyəyə bizə verdiyi böyük dəstəyə görə minnətdarıq!
Vebinarda Zonguldak Bülent Ecevit Universitetinin Fənn və ədəbiyyat fakültəsinin Tarix bölməsinin dosenti Nurettin Hatunoğlu Azərbaycan türklərinin Türk dünyasında rolundan, Azərbaycan‒Türkiyə qardaşlığının digər türkdilli ölkələr üçün nümənə olmasından, Qars Qafqaz Universitetinin Fənn və ədəbiyyat fakültəsinin Tarix bölməsinin müəllimi professor Oktay Kızılkaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dostluğundan, Şuşanın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən bəhs etdilər. Qars Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Siyasi elmlər və beynəlxalq münasibətlər bölməsinin kafedra müdiri dosent Elnur Hasan Mikail Azərbaycan‒Türkiyə münasibətlərinin son 100 illik tarixinə nəzər saldı, Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsindən, Mustafa Kamal Atatürkün Nəriman Nərimanovla yazışmasından, Zəfər Gününə aparan yoldan söz açdı. Qars Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq ticarət və logistika bölməsinin dosenti Alper Tazegül Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında son illər ərzindəki ticarət əlaqələrini təhlil etdi, iki ölkə arasında hərbi-sənaye kompleksinin inkişafı perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsinin siyasi əlaqələrin möhkəmləndirilməsinə təsiri haqqında öz fikirlərini vebinar iştirakçıları ilə bölüşdü. Qars Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Siyasi elmlər və beynəlxalq münasibətlər bölməsinin dosent yardımçısı Halit Hamzaoğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti, 44 günlük müharibə zamanı əldə etdiyi diplomatik qələbə haqqında öz mülahizələrini vebinar iştirakçılarına çatdırdı. Zonguldak Bülent Ecevit Universitetinin Fənn və ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin dosenti Rövşən Məmmədov ölkədən kənarda yaşayan azərbaycanlıların İkinci Qarabağ savaşı zamanı xalqımızı necə dəstəklədiklərini, 44 günlük Vətən müharibəsində türk qardaşlarının həmrəyliklərini, artıq rayonlarımızın işğal günlərinin deyil, azad olunması günlərinin qeyd olunmasının fəxarətini və sevincini yaşamasından bəhs etdi, Rəfiq Zəkinin misraları ilə fikirlərini yekunlaşdırdı.
Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin İdarəetmə kafedrasının müdiri i.f.d., dos. İradə Bağırova Zəngəzur dəhlizinin açılmasının bütün bölgə üçün siyasi və iqtisadi əhəmiyyətindən, xüsusilə Naxçıvan Muxtar Respublikasının inkişafına təsirindən, həmin kafedranın müəllimi Cabir Kərimov Zəngəzur dəhlizinin açılmasının Naxçıvan Muxtar Respublikasında turizm sektorunun inkişafına təsirindən, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva Zəfər Gününü şərtləndirən amillərdən bəhs etdilər. SDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov Zəfər Gününün Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin nəticəsi olduğunu bildirdi. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs, 716-cı qrup tələbəsi Lamiyə Sadıqova şəhidlərin ailə üzvlərinin kədərə boyun əymədiklərini, şəhadətə ucalan əzizləri ilə fəxr etdiklərini qeyd etdi, fikirlərini Xəlil Rza Ulutürkün misraları ilə ümumiləşdirdi. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs, 730-cu qrup tələbəsi Fatimə Muradzadə Bəxtiyar Vahabzadənin Azərbaycan‒Türkiyə şeirini oxudu, dədə-baba torpaqları olan Cəbrayıl rayonunun işğaldan azad olunmasının sevincini bölüşdü, möhtərəm cənab Prezident İlham Əliyevin düşmən tapdağından azad olunmuş Cəbrayıl rayonunun bir qrup rayon sakinləri ilə görüşünü, həmin görüşdə onun babasının da iştirak etdiyini və bu unudulmaz hadisənin onların ailələrində daima fərəhlə xatırlandığını bildirdi. Çıxışçılar bildirdilər ki, Türkiyə–Azərbaycan qardaşlığı dərin köklərə malikdir. Yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir.
Tədbirin sonunda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Aynurə Yəhyayeva çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev savaşın gedişində millətin öndərliyini edərək elə bir tarix yazıb ki, bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bundan sonra biz ölkəmizin gələcəyi ilə bağlı bütün planlarımıza parlaq Zəfərimizin rakursundan baxacağıq. Çünki Prezident ləyaqətli, qürurlu, heç kimdən asılı olmayan, heç kimin sözü ilə oturub-durmayan xalq formulunun müəllifi kimi müasir Azərbaycanın unudulmaz salnaməsini yaradıb. Müharibənin ilk saatlarından həm də informasiya cəbhəsində üstünlüyü ələ alan dövlət başçısı, az qala, hər gün beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə haqlı davamızla yanaşı, Azərbaycanı da, xalqımızı da bütün dünyaya tanıdıb. Dünya bizim gücümüzü görüb, həm də Azərbaycan Prezidentini yenidən kəşf edib.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az