Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafının prioritet istiqamətləri” mövzusuna həsr olunmuş onlayn formatda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 06 Noyabr 2021 17:01
SDU-da “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafının prioritet istiqamətləri” mövzusuna həsr olunmuş onlayn formatda tədbir keçirildi
Noyabrın 6-da SDU-da Zəfər Günü mübasibətilə Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının və Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafının prioritet istiqamətləri” mövzusuna həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə SDU-nun Biznesin təşkili və menecment kafedrasının müdiri dos. Qalib Hüseynov açaraq qonaqları salamladı, Zəfər Günü münasibətilə təbrik etdi, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun qısa zaman ərzində ərazi bütövlüyümüzü bərpa etməsi iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan, perspektivlər və vəzifələr açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Artıq azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı prioritet sahələrdən biri elan edilib, kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə “Ağıllı kənd” layihələri icra olunur. Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Ceyhun Mahmudov tədbirin təşkilinə görə təşəkkürünü ifadə edərək bildirdi ki, Azərbaycan xalqı tarixinin ən şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini göstərdi. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızın işlə təminatına müsbət təsir göstərəcək.
BDU-nun İqtisadiyyat kafedrasının professoru Vahid Abbasov “İşğaldan azad edilmiş torpaqlarda aqrar sektorun inkişafının əsas prioritetləri”, NDU-nun Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri dosent Cavadxan Qasımov “İşğaldan azad olunmuş ərazilərin mövcud potensialının aqrar sektora və məşğulluğa təsiri imkanları», SDU-nun Biznesin təşkili və menecment kafedrasının dosenti Təranə Əhmədova “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi dirçəlişində aqrar sektorun inkişafının strateji əhəmiyyəti” mövzularında məruzə etdilər. Bildirdilər ki, qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Əminliklə demək olar ki, Zəngəzurun tam olaraq işğaldan azad edilməsi və soydaşlarımızın öz əzəli yurdlarına qayıtması çox da uzaqda deyildir və ən azından, yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşacağı bu ümidləri və inamı daha da artırır. Eyni zamanda Zəngəzur dəhlizi Avrasiya məkanını bir-birinə birləşdirən çox mühüm dəhlizdir. Həm Qafqazın, həm də Mərkəzi Asiyanın qapısıdır.
Tədbirdə fakültənin kafedra müdirləri: Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova və Dünya iqtisadiyyatı və marketinq kafedrasının əməkdaşları tədbirin əhəmiyyətindən bəhs etdilər. Qeyd etdilər ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə qeyd edilən Zəfər Gününün təsis edilməsi Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və Xalq-İqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığının bütün dünyaya göstəricisidir.
Sonda dekan dosent Aynurə Yəhyayeva Zəfər Günü münasibətilə qonaqları və tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Azərbaycan xalqı müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşayır. Bir il bundan öncə, müharibənin gedişi zamanı Müzəffər Ali Baş Komandan: “Şuşasız bizim işimiz yarımçıq qalar” ‒ dedi və Şuşanın işğaldan azad olunması ilə də müharibənin taleyində həlledici dönüş yaşandı. Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən azad edilməsi xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən misilsiz qələbəsi ‒ qəti Zəfər oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər ilin bu gününün qürurla qeyd olunması rəsmiləşdirildi və tariximizin ən parlaq səhifəsinə çevrildi. Təkcə ilin bu günü yox, hər günü bu fəxarəti, bu Zəfəri bizə yaşadan şəhidlərimizə, qazilərimizə sonsuz minnətdarıq.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az