17 Noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar Tarix və coğrafiya fakültəsinin bir qrup müəllim və tələbəsindən ibarət heyət şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsini yad etdilər
Noyabrın 16-da Milli Dirçəliş Günü münasibətilə əlaqədar universitetin Tarix və coğrafiya fakültəsinin bir qrup müəllim və tələbəsindən ibarət heyət şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər, abidə üzərinə qərənfillər düzdülər.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək bildirdi ki , bu oğullar yağı tapdağı altında olan torpaqlarımızı işğaldan azad edib, bizi ən müqəddəs amalımıza, məqsədimizə çatdırdılar. Vətən müharibəsində tarixi torpaqlarımızı canları, qanları bahasına düşmən tapdağından təmizləyən cəsur oğullarımızın qəhrəmanlıq nümunəsi bir daha sübut etdi ki, şəhidlik uca zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Məhz ona görə də hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdikləri həyat yolundan çox şeyləri öyrənməlidir.
Dekan 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən bəhs edərək bildirdi ki, Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almışdır. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişmiş və müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilmişdir. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin, iqtisadiyyatının və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Dahi rəhbər Heydər Əliyev tərəfindən yaradılan inkişaf strategiyası bu gün etibarlı əllərdədir. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizi gələcəyə yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın Dirçəliş Günü milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir.
Mətbuat xidməti