Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 16 Noyabr 2021 15:06
SDU-da “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirildi
Noyabrın 16-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı, mükafata layiq görülən müəllifləri təbrik etdi və bu müsabiqənin gələcəkdə də davam edəcəyini bildirdi. Qeyd etdi ki, bu gün SDU-da elmi araşdırmalar və yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlığına xüsusi yer verilir. Elmin inkişafı zəminində güclənən müasir Azərbaycan təhsili bu gün milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanır. İnsan kapitalının ön plana çəkilməsi, elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiyası istiqamətində ciddi islahatlar aparılır.
Bu istiqamətdə də Sumqayıt Dövlət Universiteti böyük nailiyyətlər əldə edib, Elmi Şuranın qərarı ilə SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. SDU-nun tarixində ən böyük nailiyyətlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildə Dissertasiya Şuralarının yaradılmasıdır. Hazırda universitetdə 6 ixtisas üzrə 3 Dissertasiya Şurası fəaliyyət göstərir. Universitetin qarşıya qoyduğu prioritet məsələlərdən biri də gənclərin elmi fəaliyyətə cəlb edilməsidir. Son illər universitetimizdə uğurlu gəncləşmə siyasəti aparılır. Məzunlarımız işlə təmin edilir, tam və yarımştat müəllim, tütor, elmi işçi, laborant, baş laborant, mütəxəssis və digər vəzifələrə işə götürülür. Sumqayıt Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi məqsədilə Gənc Alimlər Şurası yaradılmışdır. Şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində SDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir, onları respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir. Rektor onu da diqqətə çatdırdı ki, universitet alimlərinin məqalələri "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib, həmçinin Rusiya Elmi İstinad İndeksi (РИНЦ) eLibrary.ru elektron məlumat bazasından istifadə edilir.
Müsabiqənin əhəmiyyətindən bəhs edən rektor onu da vurğuladı ki, müsabiqə “Sumqayıt Dövlət Universitetinin 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planı”nın həyata keçirilməsi ilə bağlıdır. Müsabiqənin keçirilməsində məqsəd universitetdə fənlərin tədrisini daha səmərəli təşkil etmək, müəllimlərin öz işlərinə məsuliyyətini və peşə sevgisini artırmaq və fakültələr
üzrə (yekunda universitet üzrə) ən yaxşı dərslik və dərs vəsaitlərinin seçilməsini və qaliblərin mükafatlandırılmasını nəzərdə tutur.
Sonra “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı. Rektor professor Elxan Hüseynov qaliblərə diplomları təqdim etdi, onlara elmi fəaliyyətlərində uğurlar arzuladı.
Mükafata layiq görülən müəlliflər “Ən yaxşı dərslik və dərs vəsaiti” müsabiqəsinin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edərək müsabiqənin elmi fəaliyyətlərində yeni stimul verəcəyini bildirdilər.
Daha sonra müəlliflər imzaları ilə dərslik, dərs və metodik vəsaitlərinin nüsxələrinin saxlanması üçün Elmi kitabxanaya təqdim etdilər.
Qeyd edək ki, universitetin Elmi Şurasının 29 oktyabr 2021-ci il tarixli iclasının qərarına əsasən qalib nominasiyalarının və onların müəlliflərinin mükafatlandırılması barədə rektor professor Elxan Hüseynov Sumqayıt Dövlət Universiteti üzrə ƏMR imzalamışdır. Əmrə əsasən aşağıda adları çəkilən müəlliflər pul mükafatı və diplomla təltif olundular:
1. Səmədov M.M., Əhmədov V.N., M.M. Mustafayev M.M., Məmmədova A.A., Qeyri-üzvi kimya. Dərslik. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2020, 567 s.
2. Şəfa Əliyev. Azərbaycan iqtisadiyyatı. Ali məktəb tələbələri üçün dərslik. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018, 376 s.
3. İkram Ağasiyev, Şirxan Səlimov. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2017, 584 s.
4. Avtandil Ağbaba. Mifologiya. Dərslik. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2019, 242 s.
5. Qurbanov N.T. Diferensial həndəsə və topologiya. Dərs vəsaiti. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2019, 238 s.
6. Barxalov B.Ş., İsmayılov R.M. Termoelektrik soyuducuları. Dərs vəsaiti. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018, 206 s.
7. Hüseynova A.S., Ağayeva F.Ş., Məmmədova R.C., Nağıyeva S.F., Rəsulov R.Z. ГАЛСЕН® ОЦТ-Н-Р laboratoriya avadanlıqlarının tətbiqi ilə laboratoriya işləri. Metodik vəsait. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018, 206 s.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az