SDU-da “İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri” mövzusunda elmi-praktik vebinar keçirildi
Noyabrın 17-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri” mövzusunda elmi-praktik vebinar keçirildi.
Vebinarda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şamilov, Coğrafi ekologiya kafedrasının müdiri dosent Akif Ağababalı, BDU-nun Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov, Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri t.f.d., dosent Vüqar Mustafayev və MDU-nun digər əməkdaşları, “Azərsu” “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavinləri: b.f.d. Elnur Nəsirov, c.f.d. Rəşail İsmayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt Şəhərinin 4 saylı Regional İdarəsinin rəisi Piriyev Fərid Ələmdar oğlu, aparıcı məsləhətçi Vüsal İbrahimli və digər əməkdaşlar, respublikamızda fəaliyyət göstərən digər ali məktəblərin alimləri ilə yanaşı, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və əməkdaşları, o cümlədən SDU-nun Kimya və biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vebinarı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçıları Zəfər Günü münasibətilə təbrik etdi və tarixi qələbənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, ötən bir il ölkəmizin hərbi-iqtisadi və ictimai-siyasi həyatı öz əhəmiyyətinə görə əsrlərə bərabər mühüm tarixi hadisələrlə zəngin oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan şanlı ordumuzun 44 günlük özünümüdafiə xarakterli əks-hücum əməliyyatları və Vətən müharibəsindəki möhtəşəm qələbəsi bu hadisələrin kulminasiya nöqtəsi olmuşdur. Bu qələbə ilə bütün dünya anladı ki, Azərbaycan öz ərazilərini qəhrəman övladlarının, şəhidlərinin qanı və canı bahasına, həm hərbi yolla, həm də dövlət rəhbərliyinin siyasi və diplomatik iradəsi və gücü hesabına sülh yolu ilə qaytarmağa qadir bir ölkədir. Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, dünyada mühüm güc və siyasi iradə mərkəzi kimi möhkəmlənmiş, yeni qlobal, regional və yerli iqtisadi layihələrə start verilmiş və hal-hazırda bir sıra irimiqyaslı işlər icra olunaraq davam etdirilir. Bu gün qarşıda duran əsas vəzifə həmin ərazilərin bərpa edilməsi, iqtisadi və sosial dirçəlişə nail olunması, məcburi köçkünlərin yurdlarına qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Əlbəttə, bütün bunlar isə ölkəmizin strateji proqramlarının tərkib hissəsi olaraq mərhələli şəkildə uğurla icra olunur. Regionun iqtisadi və strateji mövqeyi nəzərə alınaraq, bölgənin inkişafını sürətləndirəcək yeni yollar inşa olunur, irimiqyaslı infrastruktur obyektlər tikilir, mühüm layihələrinın icrası həyata keçirilir. Əlbəttə, icra olunan bütün bu layihələr regionun həm tranzit əhəmiyyətini, həm də strateji-iqtisadi gücünü artıracaqdır.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək bildirdi ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış yerlərini, maddi-mədəni abidələri, qəbiristanlıqları dağıdıb, ekologiyaya ciddi ziyan vurub. Düşmən üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə oldu, erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. Dosent Rəhilə Əhmədova onu da diqqətə çatdırdı ki, ölkəmizin hər yerində regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı uğurla icra edilir.
Dosent Rəhilə Əhmədova gənclərin ekoloji innovativ layihələrə cəlb edilməsi mövzusunda da çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu sahədəki rolunu xüsusi vurğuladı. Bildirdi ki, Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilib. Bu layihədə ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaq, IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaqdır.
Bu unikal imkandan yararlanmaq üçün ətraf mühit sahəsində təhsil və təcrübəsi olan gənclər IDEA İctimai Birliyinə müraciət edə bilərlər.
Vebinarda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “İşğaldan azad olunmuş ərazilərdə su problemlərinin həlli yolları”, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov “İşğaldan azad olunmuş torpaqlarda bitkilərin paramaqnit xassələrinin öyrənilməsi”, “Azərsu" “Sukanal” Elmi-tədqiqat və Layihə İnstitutunun direktor müavini b.f.d Elnur Nəsirov “İşğaldan azad olunmuş ərazilərdə su mənbələri və onların içməli su təchizatında rolu”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt Şəhərinin Regional İdarəsinin aparıcı məsləhətçisi Vüsal İbrahimli “Qarabağ torpaqlarında ekoloji terrorun fəsadları”, Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova “Gənclərin ekoloji innovativ layihələrə cəlb edilməsi”, Ekologiya kafedrasının baş müəllimi Tünzalə Babayeva “İşğaldan azad olunmuş torpaqların biomüxtəlifliyi” mövzularında məruzə ilə çıxış etdilər. Qeyd etdilər ki, ölkə Prezidentinin müharibədən sonrakı bir il ərzində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə, Füzuli, Kəlbəcər və Laçın rayonlarına səfərləri, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun, həmçinin Füzuli, Zəngilan
və Laçın rayonlarında beynəlxalq hava limanlarının, Horadiz-Ağbənd dəmiryol xəttinin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının, “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının tamamilə yenidən qurulması və digər irimiqyaslı işlər yeni iqtisadi inkişafın və böyük qayıdışın təminatıdır.
Vebinarda 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Mətbuat xidməti