Əməkdaşımız “Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda beynəlxalq səviyyəli vebinarda iştirak etdi
Noyabrın19-da UNEC-in ev sahibliyi ilə Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı hibrid formada beynəlxalq vebinar keçirildi.
Tədbirdə Türkiyənin Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Teknik Universitetləri ilə yanaşı, Azərbaycanın 21 ali təhsil müəssisəsinin Keyfiyyət Təminatı Mərkəzlərinin rəhbərləri iştirak etdilər. Bu vebinarda SDU-nu Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova təmsil etdi.
Vebinarın açılışında UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov çıxış etdi. Əsas aktual məsələlər olan daxili keyfiyyət təminatı sistemlərinin qurulması və professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, tələbəyönümlü tədris mühitinin formalaşdırılması və bütün bunları dəstəkləyən maddi-texniki bazanın formalaşdırılmasının vacib olduğunu bildirdi.
Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış etdi. A.İlyasov yeni akkreditasiya qaydaları və onun ali təhsil müəssisələri üçün yaratdığı öhdəliklərdən danışdı.
Vebinara onlayn olaraq qatılan Hacəttəpə Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışdı və bu istiqamətdə Hacəttəpə Universitetinin təcrübəsini paylaşdı.
Yıldız Teknik Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional daxili qiymətləndirmə hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış etdi.
Vebinar Ankara Universitetinin Akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət koordinatoru prof. Ali Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam etdi. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqladı.
Vebinarın ikinci hissəsində Boğaziçi Universitetindən Dr. Gözde Erhan Ünal “Ali Təhsildə keyfiyyət təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşdı.
Sonra tədbirin təşkilatçısı, UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə etdi. O, UNEC-in daxili keyfiyyət təminatı, tərtibi, tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verdi.
Türkiyənin İstanbul Universitetindən Prof.Dr. Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” mövzusunda çıxış etdi və təmsil etdiyi universitetin keyfiyyət təminatı sistemi ilə bağlı fəaliyyət planı barədə danışdı.
Sonra mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
Mətbuat xidməti