SDU-da “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika elmi konfransı onlayn formatda keçirildi
Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi.
Konfransda SDU-nun professor - müəllim heyəti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən bir çox ali məktəbin alimləri, elmi tədqiqat institutlarının və istehsalat müəssisələrinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq konfrans iştirakçılarına universitetin rektoru professor Elxan Hüseynovun salamını çatdırdı, konfransın işinə uğurlar arzuladı və konfransın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, ölkə iqtisadiyyatının tənzimlənməsində elektroenergetika sənayesinin çox böyük əhəmiyyəti vardır. Dövlətin iqtisadi gücünü və əhalinin yaşayış tərzini müəyyən edən əsas göstəricilərdən biri, əlbəttə, energetika sənayesinin inkişafıdır. Elektroenergetika sənayəsinin bugünkü səviyyəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Hər il yeni-yeni stansiyalar, yarımstansiyalar inşa edilir,o cümlədən ölkənin işğaldan azad olunmuş torpaqlarında bir il ərzində Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda yüksək gərginlikli yarımstansiyalar və Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulmuşdur.Yaradılmış və yenilənmiş stansiya və yarımstansiyalarda innovasiyalı texnologiyalar tətbiq olunur. Azərbaycan Respublikasının iqtisadiyyatının yeni səviyyəyə keçməsi ilə əlaqədar rəqəmsal təhsil texnologiyalarının tətbiq olunması, eləcə də davamlı kadr hazırlığında məzunların rəqəmsal iqtisadiyyatda tələb olunan kompetensiyalara malik olmaları aktual məsələdir. Prorektor onu da qeyd etdi ki, belə inkişafda olan sahə üçün müasir tələblərə uyğun kadr və mühəndis hazırlığının aparılması ali məktəblərin prioritet məsələlərdən biridir. Mühəndis hazırlığında əsas amillərdən biri tələbələrin təhsil aldıqları zaman nəzəri bilikləri ilə yanaşı, istehsalatla tanış olmaları və təcrübəyə yiyələnmələridir. Elə bunu nəzərə alaraq bəzi müəssisələrdə universitetimizin kafedralarının filialları açılmış və tələbələr həftədə bir dəfə həmin filiallarda məşğələ dərsləri keçirlər. O cümlədən, tələbələrin əyani vəsait kimi istifadə etmələri üçün universitetin həyətində açıq səmada Elektroenergetika üçün Tədris Muzey və 110kV-lıq Tədris Poliqonu yaradılmışdır. Bunlarla yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş rəqəmsal stansiya və yarımstansiyaların təhsil alanlar tərəfindən yaxından öyrənilməsi günün əsas məsələlərindəndir. Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 11 fevral 2019-cu il tarixili 45 saylı qərarı ilə Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) yeni təsnifatı təsdiq edilmişdir. Yeni təsnifata əsasən 2020-ci ildən Energetika mühəndisliyi ixtisası üzrə hazırlıq yeni təhsil standartına uyğun aparılmağa başlanmışdır. Prorektor onu da əlavə etdi ki, energetika sahəsi üzrə kadr hazırlığında ciddi dəyişikliklərin olmasını nəzərə alaraq ali məktəblərdə kadr hazırlığının müzakirə edilməsi məqsədi ilə “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika Elmi konfransının keçirilməsi böyük əhəmiyyətə malikdir.
Konfransda AMEA-nın həqiqi üzvü, AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, AMEA-nın Fizika İnstitutunun Baş direktoru Arif Həşimov “Energetikanın müasir problemləri və inkişafı”, AMEA-nın müxbir üzvü AMEA-nın Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri Vəli Hüseynov “Qlobal istiləşmənin qarşısının alınmasında relikt neytronlardan istifadə perspektivləri”, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, Əməkdar elm xadimi, professor Nurəli Yusifbəyli ”Müasir mühəndis hazırlığının prioritet istiqamətləri”, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin direktoru Xəndan Əhmədov “Yüksək gərginlikli elektrik avadanlıqlarının ifrat gərginlikdən mühafizəsinin modernləşdirilməsi”, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Elektroenergetikanın perspektiv inkişafı şöbəsinin rəisi, dosent Valeh Nəsibov “Bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri və onların enerji sisteminə inteqrasiya problemləri”, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova “Təhsilin rəqəmsallaşdırılması şəraitində elektroenergetika üçün davamlı kadr hazırlığı və dual təhsil” mövzularında məruzə etdilər. Ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən və Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələlərindən bəhs etdilər. Məruzəçilər əminliklə vurğuladılar ki, rəşadətli ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda qısa müddət ərzində normal həyatın bərpası prosesində energetiklərin yaxından iştirakı növbəti illərin töhfələri sırasında xüsusi yer tutacaq.
Konfransın sonrakı işi haqqında məsul katib Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov məlumat verdi. Bildirdi ki, 16 elm və ali təhsil müəssisəsindən daxil olmuş 100- dən artıq məruzə və tezis Proqram komitəsi tərəfindən seçilmiş, plagiatlığı yoxlanılaraq konfransın gündəliyinə 89 məruzə daxil edilmişdir. Konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
Mətbuat xidməti