Əməkdaşlarımız "Distant təhsildə çağırışlar və nailiyyətlər" adlı konfransda iştirak etdilər
Noyabrın 29-da Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı, ADA Universitetinin və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçirildi.
Konfransın açılış sessiyası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə baş tutdu.
Açılış sessiyasında çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzu etdi. Nazir bildirdi ki, distant təhsilin tətbiqi zamanı nəzəriyyədən praktikaya keçid dövründə ortaya müəyyən məsələlər çıxıb və Azərbaycanda bu məsələlərin dərhal həlli, operativ şəkildə distant təhsilə keçidin təşkil edilməsi istiqamətində bir sıra uğurlu işlər görülüb. Emin Əmrullayev qeyd etdi ki, pandemiya zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət parametlərinin müəyyən olunması, məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb edilməsi, onların sosial-emosional inkişafının təmin olunması və təhsilin təşkili baxımından qarşıda duran hədəflərin reallaşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov ənənəvi təhsildən distant təhsilə keçid, müəyyən dövrlədə isə hibrid təhsilin təşkili barədə danışdı. ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal isə çıxışında “4-cü Sənaye İnqilabı dövründə təhsil” modelinin formalaşdığını vurğuladı. Sonda “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov ölkəmizdə pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən distant təhsil layihələrinin, elektron platformaların, distant dərslərin uğurlu icrasından danışdı. Qeyd edək ki, SDU əməkdaşlarının da fəal iştirak etdiyi 350-dən çox iştirakçının qatıldığı konfrans gün ərzində panel müzakirələri ilə davam etdi.
Mətbuat xidməti