SDU-da “Nizami Gəncəvi ili” çərçivəsində kitab sərgisi təşkil olundu
2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində SDU-da bu günə qədər bir çox elmi seminar, dəyirmi masa, konfrans, bilik yarışları, debatlar, şeir və rəsm müsabiqələri,bədii qiraət və s. həyata keçirilmişdir.
Tədbirlərin davamı olaraq dekabrın 8-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Sözün gücü ‒ Nizami dühası” adlı kitab sərgisi təşkil olundu. Sərgi Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasının və Sumqayıt Şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutdu.
Sərgidə dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan mədəniyyətini, ümumilikdə Yaxın Şərq xalqları mədəniyyətini əks etdirən və ictimai bədii fikir tarixində yeni bir səhifə açmış əsərləri, ədibin məşhur “Xəmsə”sinə daxil edilən poemalar və Nizami haqqında yazılmış əsərlər, həmçinin Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 07.07.2021-ci il tarixli qərarı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar çap olunan “Eşq və idrak şairi” adlı məqalələr toplusu və Filologiya fakültəsinin müəllimi Afaq Qəniyevanın “Nizami Gəncəvinin musiqi dünyası” adlı kitabları yer aldı.
Sərgi iştrakçıların böyük marağına səbəb oldu.
Mətbuat xidməti