Fakültələrdə ümummilli lider Heydər Əliyevin Anım Günü qeyd edildi
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün fakültələrdə ümummilli lideri Heydər Əliyevin Anım Günü qeyd edildi.
Əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışçılar Ulu öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdılar. Qeyd etdilər ki, Azərbaycan tarixinə düşmüş dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər və müstəqilliyimiz dövründə Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu məsələsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artdı, hərtərəfli inkişafa nail olundu, müstəqilliyimizin əbədi və dönməz olması təmin edildi. Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etmiş oldu.
Sonra tələbələrin ifalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi. Ulu Öndərin zəngin həyatını əks etdirən videoçarx nümayiş olundu.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin Anım Günü ilə bağlı keçirilən tədbirlərdə fakültə dekanları, müəllim və tələbə heyəti iştirak etdilər.
Mətbuat xidməti