İyunun 30-da Sumqayıt Dövlət Universitetində “Məzun günü” keçirildi. Tədbirdə SDU-nun rektoru, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılmış Ulu Öndərin abidəsi önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu.
Universitetin rektoru, professor Elxan Hüseynov öncə çıxışında bildirdi ki, ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan qalan günlər kimi yazıldı. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevi ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının uğurla başa çatması münasibəti ilə təbrik etdi. Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi, o cümlədən də Azərbaycan xalqını bu parlaq qələbə münasibətilə Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti adından təbrik edirəm.
Rektor qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali təhsil ocaqları sırasında layiqli yer tutur və ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirir.
Ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti haqqında məlumat verən rektor vurğuladı ki, universitetimiz 1960-1961-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun yaratdığı tədris məntəqəsi kimi fəaliyyətə başlasa da, 1962-1975-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun filialı kimi, 1975-1992-ci illərdə Ali Texniki Təhsil Məktəbi, 1992-2000-ci illərdə isə Azərbaycan Sənaye İnstitutu kimi fəaliyyət göstərirdi. Ulu öndər Sumqayıt şəhərində yaşayan gənclərin ali təhsilinin inkişaf etdirilməsi, milli ideologiyamızın formalaşdırılması, müstəqil dövlətimizin möhkəmlənməsi naminə 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Sumqayıt Dövlət Universiteti kimi fəaliyyət göstərməsinə qərar verdi. Həmin tarixi gündən 15 il ötür. Mən bu münasibətilə sizi təbrik edirəm və inanıram ki, bu illər ərzində qazandığınız bilik və savadınızla həyatda layiqli yer tutacaqsınız. Siz xoşbəxt tələbəsiniz ki, bu gün həm məzun gününü, həm də universitetimizin yubileyini qeyd edirsiniz. Bu tarixi günə şahidlik edirsiniz.
Rektor Elxan Hüseynov diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq sürətlə inkişaf edir. Bu baxımdan təhsil naziri Mikayıl Cabbarovun qarşısına qoyduğu hədəflərdən biri də təhsilimizin Avropa təhsil standartlarına inteqrasiyasıdır. Bunun üçün də universitetimizdə təhsil alan tələbələrin yüksək səviyyəli kadr kimi yetişməsi və keyfiyyətli tədris almağı üçün hərtərəfli şərait yaradılmışdır.
Professor Elxan Hüseynov məzunlara ən xoş arzularını çatdırdı.
Qısa zaman kəsiyində universitetimizdə bir çox uğurlu addımlar atılmışdır. Bunlardan biri də SDU-nun rəmzi olan loqosu, bayrağı, bu gün isə marşının səslənməsi oldu.
Universitetin Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov universitetin kollektivini və valideynləri təbrik etdi. Gənclərə gələcək ali təhsildə və karyera fəaliyyətlərində uğurlar arzuladı.
SDU-nun keçmiş məzunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Regional Enerji Təchizatı və Satışı idarəsinin rəisi Ramil Yusifov, valideynlər adından Azad Qədirli və başqaları məzunları təbrik etdi, onlara həyatlarının bundan sonrakı illərində uğurlar arzu etdilər.
Tədbirdə, həmçinin bu il universiteti əla qiymətlərlə bitirən və ictimai həyatında fərqlənən məzunlara diplomlar təqdim olundu. Tədbir bayram konserti ilə davam etdirildi, atəşfəşanlıq oldu. Səmaya işıqlı şarlar buraxıldı.
Mətbuat xidməti