Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycan Respublikasında vergi qanunvericiliyi və vergi sistemi” mövzusunda seminar keçirildi
Yerləşdirilmə tarixi : 14 Dekabr 2021 14:49
SDU-da “Azərbaycan Respublikasında vergi qanunvericiliyi və vergi sistemi” mövzusunda seminar keçirildi
Dekabrın 14-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetməsi fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında vergi qanunvericiliyi və vergi sistemi” mövzusunda onlayn formatda seminar keçirildi.
Seminarı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq qonağı və iştirakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universitetinin birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, birgə tədbirlərin, o cümlədən ekskursiyaların, treninqlərin, seminarların keçirilməsi ilə bağlı sıx əlaqələr mövcuddur. Fakültənin Mühasibat uçotu və audit, Maliyyə və digər iqtisadyönümlü ixtisaslarında təhsil alan tələbələrin və müəllim heyətinin yeni dəyişiklərlə məlumatlanmasına həsr edilmiş seminarın keçirilməsi gələcəkdə tədris prosesinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildirdi.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək vergi sisteminin prinsipləri, vergilərin əsas funksiyaları, vergi xidmətinin modernləşdirilməsi haqqında məlumat verdi, verginin iqtisadi inkişafdakı rolundan danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.
Seminar Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Vergi qanunvericiliyi tədrisi şöbəsinin baş müəllimi Tural Abbasov tərəfindən həyata keçirildi. Tural Abbasov bildirdi ki, seminarın keçirilməsində məqsəd Azərbaycan Respublikası Vergi Məcəlləsi, vergi sistemi və vergilərin tətbiq olunması, onlayn kargüzarlıq və hesabatların tərtib olunması haqqında iştirakçıları maarifləndirmək,Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə seminar iştirakçılarını ətraflı məlumatlandırmaqdır. Tural Abbasov onu da diqqətə çatdırdı ki, son vaxtlar vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, ölkədəki vergi mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini rahat və asan şəkildə yerinə yetirə bilmələri üçün elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində bir sıra ciddi addımlar atılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, onların praktiki tətbiqi, məcəllənin ayrı-ayrı maddələri ilə bağlı ətraflı izahlar verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az