Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq üzrə qurumlararası işçi qrupunun onlayn iclası keçirildi
14 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Ali Təhsil və Elm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələrinin iştirakı ilə Rusiya‒Azərbaycan qurumlararası işçi qrupunun təhsil sahəsində əməkdaşlığına dair onlayn görüşü keçirildi.
İclasın gündəliyində universitetlərarası əməkdaşlığın inkişafı (ikili diplom, birgə kafedraların təşkili və s.), təhsil sənədlərinin qarşılıqlı tanınması, Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının III Forumunun keçirilməsi, COVID‒19 pandemiyası dövründə təhsilin davamlılığının təmini kontekstində təcrübə mübadiləsi, Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində rus dilini tədris edən pedaqoji heyət üçün ixtisasartırma kurslarının təşkili və digər məsələlər müzakirə edildi.
Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev iştirak edirdi. Rektor Elxan Hüseynov çıxış edərək, Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətindən, əhəmiyyətindən və assosiasiya çərçivəsində görülən işlərdən danışdı, Rusiya – Azərbaycan Universitetləri Assosiasiyasının III Forumunun hər iki ölkənin Təhsil Nazirlikləri səviyyəsində əyani formada keçirilməsini təklif etdi. Təklif Rusiya Federasiyası Ali Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti tərəfindən müsbət qiymətləndirildi.
Mətbuat xidməti