Elmi Şuranın növbəti iclası keçirildi
Dekabrın 15-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini salamladı, Riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilmiş dosent Xalidə Həsənovanı təbrik etdi və ona məsul vəzifəsində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar SDU-nun kollektivi adından təbrik məktubu hazırlanmışdır. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi yubiley münasibətilə SDU kollektivi adından təbrik etdi, Azərbaycan xalqının və dövlətinin rifahı və yüksəlişi naminə dəyərli fəaliyyətində uğurlar arzu etdi. Diqqətə çatdırdı ki, bir il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinə sarsıdıcı zərbələr endirildi, nəticədə, tarixi ədalət bərpa olundu. Müharibə günlərində xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Azərbaycan xalqının bütövlüyünün rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Bu birliyin və qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi. Rektor bir daha Ali Baş Komandan cənab İlham Əliyevi 60 illik yubileyi münasibətlə səmimi qəlbdən təbrik etdi, ona möhkəm cansağlığı, ailə səadəti, səmərəli və məsuliyyətli dövlət idarəçiliyində uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar təbrik məktubu Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov tərəfindən oxundu və kollektiv adından təbrik məktubunun göndərilməsi qərara alındı.
Sonra rektor 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə görülən işlərdən danışdı. Bildirdi ki, təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində zəruri tədbirlər görülür və bu gün diqqətdə olan ən vacib məsələlərdən biri “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID‒19) profilaktikasına dair metodiki göstərişlər”ə, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na hamının əməl etməsini diqqətə çatdırdı.
2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov çıxış edərək qeyd etdi ki, imtahan cədvəllərinin vaxtında hazırlanması, təsdiq olunması və lövhəyə vurulmasının təmin olunması, imtahan biletlərinin operativ formada hazırlanıb Tədris Metodik Mərkəzə təhvil verilməsi həmçinin Akademik jurnalların müntəzəm yoxlanılması, tələbələrin dərslərə davamiyyətinin nəzarətdə saxlanılması fakültə dekanlarına və kafedra müdirlərinə, tələbələrin şikayət, rəy və təkliflərinin qısa müddətdə operativ şəkildə araşdırılması və müvafiq tədbirlərin görülməsi imtahan qərargahı və “Qaynar xətt” xidmətinin sədri professor Şirxan Səlimova, imtahan sessiyası dövründə imtahan qiyməti ilə razılaşmayan tələbələrin narazılığının fənn müəllimi və kafedra müdirinin iştirakı ilə universitetin Apelyasiya Komissiyasında obyektiv, dəqiq və operativ araşdırılması komissiyanın sədri dosent Sona Məhərrəmovaya tapşırılıb.
Elmi hissənin müdiri dosent Samir Orucov 2021-ci ildə SDU-da yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə hesabat verdi. Elmi-tədqiqat işlərinin səmərəlilyinin artırılması, alınan nəticələrin yüksək indeksli jurnallarda dərc olunması, SDU-nun “Elmi xəbərlər” jurnalında xarici mütəxəssislərlə birgə məqalələrin dərc olunması istiqamətində səylərin artırılmasının SDU-nun professor-müəllim heyətinə, kafedra müdirlərinə və fakültə dekanlarına tapşırıldığını diqqətə çatdırdı.
Rektor SDU-nun “Elmi xəbərlər” jurnalının hər iki bölməsinin (təbiət və texniki elmlər bölməsi, humanitar elmlər bölməsi) yüksək elmi-analitik informasiya bazasına –Rusiya Elmi İstinad İndeksinə (РИНЦ) daxil olmasını müsbət qiymətləndirdi və növbəti mərhələdə “Scopus” Beynəlxalq Elmi Məlumat bazasına daxil olmaq üçün zəruri tədbirlərin həyata keçirilməsini Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova və Elmi hissənin müdiri dosent Samir Orucova tapşırdı.
Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndə heyətinin Sumqayıt Dövlət Universitetinə səfəri haqqında məlumat verdi. Qeyd etdi ki, Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan Respublikası tərəfdən həmsədrinin universitetimizin rektoru professor Elxan Hüseynov olması, SDU-nun Rusiya universitetləri ilə əlaqələrini daha da genişləndirmişdir. Səfər çərçivəsində SDU ilə UDNTU arasında ikitərəfli və çoxtərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldı.
Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar SDU-da keçirilmiş tədbirlər haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış etdi. Qeyd etdi ki, 2021-ci ilin Nizami Gəncəvi İli elan olunması ilə əlaqədar keçiriləcək tədbirlərin planı ilin əvvəlində hazırlanmış, Elmi Şuranın 10.02. 2021-ci il tarixli iclasında (prot. №05) təsdiq edilmiş və 2021-ci il ərzində nəzərdə tutulmuş bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilmişdir. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Hikmət xəzinəsi” adlı ədəbi-bədii kompozisiyanın pandemiya ilə əlaqədar bütün qaydalara ciddi riayət edilməklə canlı formada Akt zalında keçirilməsi, universitetdə Nizami Gəncəvinin bədii irsini və yaradıcılığını əks etdirən kitab və foto sərgilərinin təşkili, “Sənətkarın dünya şöhrəti” adlı məqalələr toplusunun çap olunması, “Nizaminin musiqi dünyası” adlı dərs vəsaitinin hazırlanıb nəşr etdirilməsi, Nizaminin şeirlərinə bəstələnmiş mahnı müsabiqəsinin, Nizaminin 880 illik yubileyinə həsr olunmuş idman spartakiadasının, intellektual yarışların və digər tədbirlərin keçirilməsi yüksək qiymətləndirildi.
SDU tələbələrinin Tələbə evindən istifadə qaydaları haqqında İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məlumat verdi. Qeyd etdi ki, pandemiya ilə əlaqədar tələb olunan bütün qaydalar və məhdudiyyətləri gözləməklə SDU-nun tələbə evində təmir və yenidənqurma işləri davam etdirilmiş, bütün işlər yüksək keyfiyyətlə, yüksək zövqlə, tələbələrin rahatlığı üçün bütün məsələlər nəzərə alınmaqla yerinə yetirilmişdir. Tələbə evində yaşayacaq tələbələrin müəyyənləşdirilməsində əsas meyar kimi ən çox ehtiyacı olanlar, rayonlardan gələnlərin və digər amillərin nəzərə alınması fakültə dekanlarına tapşırılıb.
SDU əməkdaşlarının əməkhaqlarının artırılması barədə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məlumat verərək qeyd etdi ki, SDU əməkdaşlarının əməkhaqları 1 yanvar 2022-ci il tarixindən artırılacaq.
“Ən yaxşı monoqrafiya” müsabiqəsinin keçirilməsi barədə Redaksiya və Nəşriyyat Şurasının sədri dosent Qadir Mənsurov çıxış etdi. Sonra “Ən yaxşı monoqrafiya” müsabiqəsinin keçirilməsinə dair Əsasnamə təsdiq edildi.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Osman Hacıyevin doktorluq dissertasiya işinin yeni redaksiyada “Müasir cəmiyyətlərdə ədalət probleminin sosial-fəlsəfi təhlili” mövzusunun və elmi məsləhətçinin təsdiqi və tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
Mətbuat xidməti