SDU-da “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı Beynəlxalq elmi konfrans öz işinə başladı
Dekabrın 16-da Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı Beynəlxalq elmi konfrans onlayn formatda öz işinə başladı.
Konfransda Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin üzvü akademik Ziyad Səmədzadə, AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim İmanov, respublikamızın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən: Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Çin, İran və Özbəkistandan bir qrup iqtisadçı-alimlər iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açdı,Türkiyənin Yıldız Texniki Universitetinin rektoru professor Tamer Yılmazı və qonaqları salamladı, konfransın əhəmiyyətindən bəhs etdi, iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə etdi. YTU ilə SDU arasında uğurla davam edən birgə tədbirlərin qarşılıqlı faydalılığından danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti elmi əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsini, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın və Türkiyənin bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Rektor eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək dəyərləndirdi, türk xalqına sonsuz təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu müharibədə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu bir daha gördü. Bu gün Türkiyənin Yıldız Texniki Universiteti ilə birgə keçirilən Beynəlxalq elmi konfransın ölkələr arasında elm və təhsil sahələrinə öz töhfəsini verəcəyini bildirdi və konfransın işinə uğurlar arzu etdi.
Yıldız Texniki Universitetinin rektoru Tamer Yılmaz SDU-nun rektorunu və konfrans iştirakçılarını salamladı. SDU ilə əməkdaşlıq və birgə təşkil etdikləri beynəlxalq elmi konfransa görə məmnunluğunu ifadə etdi. Bildirdi ki, SDU ilə YTU arasında qarşıda daha faydalı layihələr həyata keçiriləcək. Görüşdə Tamer Yılmaz 110 illik inkişaf tarixi olan Yıldız Texniki Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə məlumat verdi. O, hazırda universitetdə 37 min tələbənin təhsil aldığını, mövcud 11 fakültənin hər birinin tərkibində də bir neçə ixtisasın fəaliyyət göstərdiyini bildirdi. Qeyd etdi ki, universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. Yıldız Texniki Universitetinin Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən də danışdı.
Rektor Tamer Yılmaz onu da diqqətə çatdırdı ki, tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir!
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim İmanov beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi və konfransın əhəmiyyətindən bəhs etdilər. Bildirdilər ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasının milli prioritetləri və onların reallaşmasının amil və imkanları”, Yıldız Texniki Universitetinin İqtisadiyyat fakültəsinin professoru Murat Anıl Mercan “Göçmenlerin ailevi ilişkiler üzerindeki etkileri”, Moskva Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının professoru Mixail Kulakov “Новые явления в развитии финансового сектора в условиях формирования цифровой экономики”, AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri professor Tərbiz Əliyev “İnformasiya cəmiyyəti kontekstində iqtisadiyyatın gücləndirilməsində sahibkarlığın rolunun artırılması istiqamətləri”, Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “The role of information and communication technologies in the economic development of the country” mövzularında məruzə etdilər. Çıxışlarda respublikamızın və digər ölkələrin iqtisadi durumu təhlil edildi, iqtisadiyyatın davamlı inkişafına səbəb olan təkliflər irəli sürüldü.
Konfransda Yıldız Texniki Universitetinin İqtisad və idarəetmə elmləri fakültəsinin dekanı professor Halit Keskin, dekan müavini professor Emel Esen, Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri professor Hacıağa Rüstəmbəyov, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Əşrəf Ələkbərov, Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev çıxış etdilər. Qeyd etdilər ki, belə konfransların keçirilməsinin olduqca faydası var. Çünki burada elm adamları, iqtisadçılar öz mülahizələrini ortaya qoyur, təcrübələrini bölüşür və bütün bunlar ortaq maraqlara xidmət etdiyindən effektiv nəticələr verir. Konfransın səmərəli təşkilinə görə hər iki universitet rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirdilər.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov məlumat verdi. Qeyd etdi ki, konfransın Təşkilat komitəsinə 8 xarici ölkənin (Rusiya, Türkiyə, Kazaxıstan, Belarus, Çin Xalq Respublikası, İran İslam Respublikası, Özbəkistan) 19 universitetindən və respublikamızın 35 elm və ali təhsil müəssisəsindən 188 məruzə və tezis daxil olmuşdur. Onlardan 142 məruzə və tezis Proqram komitəsi tərəfindən antiplagiat proqramı ilə yoxlanılıb seçilərək konfransın gündəliyinə daxil edilmişdir. Konfrans öz işini 8 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
Mətbuat xidməti